AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropalı heyvanlar

  • + A
  • - A
  • 29-04-2022, 14:53

    Avropalı heyvanlar

    Heyvan auksionu eşitmişdim, amma görməmişdim. Bugünlərdə şəhərimizdə ilk dəfə olaraq belə bir auksionun açılması məni sevindirdi. Bu fürsəti əldən vermək olmazdı.

    .... Auksionun açılışına lap az qalırdı. Zala xeyli adam toplaşmışdı. Ölkənin bir çox regionlarından gələn fermer və sahibkarlar səbirsizliklə heyvanların podiuma çıxmasını gözləyirdilər. Əvvəlcədən də məlumat vermişdilər ki, heyvanlar cins-damazlıq olmaqla Avropadan təşrif buyurublar. Yəni milli heyvanlarımızı auksionda görməyəcəyik.

    Nəhayət, zala auksion aparıcısının cır səsi və fermerlərin alqış sədaları altında İsveç inəyi gətirildi. İsveçli inək zala ilk qədəmlərini basar-basmaz onun bütün şəcərəsi barədə məlumat aldıq.

    Auksion iştirakçılarının diqqətinə çatdırıldı ki, Marta adlı inək nə az, nə çox ildə 6 ton süd verir. Aparıcının bu sözlərini eşidən heyvanciyəz nəriltisi ilə sanki deyilənləri təsdiqlədi.

    Aparıcının dediyinə görə ildə 5, bəzən isə 7 bala verən inək əsasən yağlı və orqanik yeməklərə üstünlük verir. Belə başa düşdük ki, yeyib- içən heyvandır.

    Auksiona toplaşmış fermerləri isə ən çox təəccübləndirən onun şərəcəsi oldu. Sən demə, Marta İsveçin əsli-köklü ailəsində dünyaya gəlib. Ata tərəfdən İsveçin adlı-sanlı qoyun sülaləsindəndir. Martanın anası da elə bu nəsildəndir, gənc yaşlarında tanış olublar. Atasının babası isə kral ailəsinin otlaqlarında otlayaraq kef-damaq içində yaşayıb. Amma pandemiya qəflətən uzaq və varlı İsveç ölkəsinə də gedib çıxdığından, ölkədə ərzaq qıtlığı yaranıb. Odur ki, Marta kimilər bir qucaq ot-ələfə görə günəşli Azərbaycana üz tutublar.

    Aparıcının yenidən cır səsi eşidildi : Diqqət... heyvanın ilkin qiyməti 3000 manatdır. Kim çox?

    Yerdən kimsə bağırdı: 3100

    Aparıcı: Sonuncu oturacaqda əyləşən qardaşımız 3100 dedi, kim çox?

    İrigövdəli bir fermer əlini qaldıraraq : 3500

    Aparıcı: Hörmətli cənablar, siz bir onun məsum gözlərinə baxın ... Yalvarışlı baxışları ilə sanki məni alın, uduzmazsınız deyir. Baxmayaraq ki, o vətəndə 4 körpə bala qoyub gəlib, bir daha geri dönmək fikri yoxdur. Çünki pandemiyanın belə bir ağır dövründə İsveçdə mal-qara nədənsə maskadan və vaksindən imtina edib. Hökumət heyvanlara cərimə tətbiq etmədiyindən əsl özbaşınalıqdır. Nəticədə ölkədəki iri və xırda buynuzluların 80 faizi ağır formada COVID-19-a yoluxublar. Bu gün ölkədə camaat südə, ətə həsrətdirlər.

    Heyvan həm də ümid edir ki, burada COVİD pasportu almaq çətin olmayacaq...

    Qeyd edim ki, Marta iki aydan bir həkim müayinəsindən keçməli, xüsusi qayğı və nəvazişlə əhatə olunmalıdır. Ölkəsində ağıllı inək statusunu almış bu heyvan söyüş və qarğışlara, tənqidlərə qarşı da çox həssasdır. Ağlınız bizim heyvanlara getməsin. Ünvanına nalayiq sözləri eşidən kimi həmin an südü quruyur.

    Martaya sahib olmaq istəyən fermerlər bir-birlərinə aman vermədən yüksək qiymət təklif eməyə başladılar və inək 6400 manata satılaraq hərracdan çıxarıldı.

    Fermerlər yenicə nəfəslərini dərmişdilər ki, aparıcının yeni bir elanı eşidildi:

    -Hörmətli fermerlər, indi isə sizi Fransadan gəlmiş Patrisiya adlı qoyunla tanış etmək istərdim...

    Çox keçmədən iki auksion işçisinin köməyi ilə Patrisiya zala gətirildi. Fransalı qoyun heç də özünü qoyun kimi aparmırdı. Qabaq ayaqlarını yerə dirəyən heyvan ona iştahla baxan auksion iştirakçılarına sanki “axı məndə nə görmüsüz?” demək istəyirdi. Bir çox fermerlərin baxışlarında isə “nə kabablıqdır? ” kəlməsi aydın hiss olunurdu.

    Aparıcı Patrisiyanı ilk dəfə görürmüş kimi başdan-ayağa süzdükdən sonra onun nəsli-nəcabəti barədə zaldakılara məlumat verməyə başladı.

    -Cənablar, Patrisiyanın anası...daha doğrusu analığı Esmeralda ötən il Parisdə 300 qoyun arasında keçirilən müsabiqədə ən cazibədar qoyun nominlasiyasının qalibi olub. Atası Fransua isə, Fransanın sayıb-seçilən kübar ailəsindəndir. Əslən Marseldən olan ulu babası, eləcə də nənəsi şəhərin ekoloji cəhətdən ən təmiz çəmənliklərində otladıqlarından nəsil çox sağlamdır. Əsası da odur ki, başqa millətlərin qoyunları ilə qarışığı yoxdur. Təmiz fransızdır.

    ...Cənablar, təsəvvür edin ki, vur-tut 22 kilo gələn Patrisiya bayram günlərində 200 kilo süd verir. Ümumilikdə isə 100-130 bala doğur.

    Yerdən: Cənab aparıcı, Esmiralda 100 balanı yalnız Fransada doğur, yoxsa onun üçün fərqi yoxdur? Bəlkə bu qoyuna bizim qoyunlardan heç biri yaxın durmadı. Onda necə olsun?

    Bir qədər çaşqınlıq işində qalan aparıcı nəhayət dilə gəldi.

    -Bilirsiniz.., hələ indiyədək belə hal olmayıb ki, bizimkilər Avropanın kübar qoyunlarına biganə qalsınlar. O baxımdan, Patrisiyanın üstündə dava düşməsə yaxşıdır... fransalı qoyunun ilkin qiyməti 300 manatdır. Kim çox verər?

    Yerdən : 330!!!

    Zaldan əliçomaqlı qoca bir kişi var səsi ilə : 350!

    Ön cərgədən birisi: Atamın oğlu deyiləm, Patrisiyanı almasam... 360!!!.

    Sonda qoyun 540 manata əli çomaqlı qoca fermerə satıldı...

    Auksionda Almaniyadan Anna və İtaliyadan İzabella adında inəklər də tez bir zamanda öz sahiblərini tapdılar. Avropalı inək və qoyunlara sahib olan fermerlərimizin üzündəki təbəssüm onların bu alış- verişdən xeyli razı qaldığını göstərirdi.

    Auksionda həm də məlum oldu ki, sən demə heyvanların da bəzi insanlar kimi əsli nəcabəti olurmuş...
    Ramiz Quliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR