“Qreçka” adı ilə tanıdığımız qarabaşaq dünyanın bir çox ölkələrində istifadə olunur. Genetik dəyişikliyə məruz qalmadığından ekoloji təmiz qida məhsulu sayılan qarabaşaq həm də özünəməxsus dadına görə fərqlənir. Dünyanın bir çox tanınmış müalicə müəssisələrində, sanatoriyalarında qarabaşaq qida rasionuna daxil edilir. Bu da səbəbsiz deyil. Mütəxəssislərin fikrincə, qarabaşaq insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq tərkibi fosfor, xlor, dəmir, kalsium, maqnezium, mis, kobalt, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır.
Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.
Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.