AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Region teatrlarına dəstək: Mingəçevir truppası Bakıda “Herostratı Unudun” dedi

  • + A
  • - A
  • 7-04-2025, 23:09

    Region teatrlarına dəstək: Mingəçevir truppası Bakıda “Herostratı Unudun” dedi

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Mingəçevir Dövlət Dram Teatrının qonaq çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Mingəçevir teatrının kollektivi məşhur yazıçı Qriqori Qorinın “Herostratı Unudun” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış etdi.

    Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Emin Mirabdullayevdir. Səhnə həlli, aktyor oyunu və təqdimat tərzi ilə fərqlənən bu tamaşa həm də region teatrlarının yaradıcılıq imkanlarını nümayiş etdirmək baxımından uğurlu layihə kimi dəyərləndirilir.
    Musiqi tərtibatı tamaşaya xüsusi ahəng qatırdı. O da istedadlı rejissor Emin Mirabdullayevə məxsus idi.
    Qriqori Qorinin məşhur əsəri insan ambisiyalarının, şöhrət və qəddarlıq arasında gedən mübarizənin faciəsini əks etdirir. Herostratın yandırdığı Artemida məbədi və bunun fonunda cəmiyyətin münasibətini açıb göstərən rejissor səhnə çözümündə sadə, lakin təsirli vizual elementlərdən istifadə edib. Aktyor heyəti emosional və peşəkar oyunları ilə tamaşaçılarda dərin təəssürat yaratdı.
    Tamaşanın nümayişi region teatrlarına dəstək layihəsi çərçivəsində baş tutub.
    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Ədalət Hacıyev Azadmedia.az-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin region teatrlarına dəstək təşəbbüsü alqışalayiqdir:

    “Biz bu layihəni yüksək qiymətləndiririk. Region teatrları ilə qarşılıqlı əlaqə, yaradıcı mübadilə çox vacibdir. Mingəçevir Dövlət Dram teatrının Bakıda çıxış etməsi nə qədər əhəmiyyətlidirsə, bizim Mingəçevirdə tamaşa göstərməyimiz də o qədər vacibdir.”

    Ədalət müəllim onu da əlavə etdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyası QSC arasında bağlanmış müqaviləyə əsasən tamaşa Dövlət Televiziyasının "Mədəniyyət" kanalında canlı yayımlanıb.
    Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi də aprelin 15 və 16-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edəcək.
    Sonda Mingəçevir Dövlət Dram Teatrının rəhbəri, Respublikanın Əməkdar artisti İntiqam Soltan yaradəlan şəraitə görə Mədəniyyət naziri Adil Kərimliyə və Azərbaycan Akademik Rus Dram teatrının rəhbəri Ədalət Hacıyevə təşəkkür etdi.
    Bu yaradıcı əməkdaşlıq Azərbaycan teatr məkanında yeni bir mərhələnin — region teatrlarının dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımdır. Uğurlu və davamlı olsun!
    Elnurə Abuşova













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR