AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Rus Dram Teatrında unudulmaz premyera: "Arzu yaradan gələcək" - Video

  • + A
  • - A
  • 18-05-2025, 13:48

    Akademik Rus Dram Teatrında unudulmaz premyera: "Arzu yaradan gələcək" - Video


    Cümə günü Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyera gecəsi həm teatr sevərlərin, həm də sənət cameəsinin yaddaşında dərin iz buraxdı. Zalda toplaşanlar yalnız yeni tamaşanın təqdimatına deyil, həm də gözlənilməz və duyğulu bir sürprizə şahidlik etdilər.

    Hələ tamaşadan əvvəl teatr binasının foyesindəki gül dəstələrinin bolluğu maraq doğururdu. Əvvəlcə bunu premyera münasibətilə zənn etsəm də, gecənin sonunda bunun arxasında daha romantik və duyğusal bir səbəbin olduğunu gördüm.

    Akademik Rus Dram Teatrında həftə ərzində nümayiş olunan tamaşalar, Azərbaycan Respublikası Prezidentinin 13 fevral tarixli Sərəncamına əsasən təşkil edilib. Sərəncamdan irəli gələn proqrama əsasən Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb. Tədbirlər planının həyata keçirilməsi çərçivəsində mərhum yubilyarın hekayələrinin motivləri əsasında hazırlanan "Arzu yaradan gələcək" tamaşası gənclik, dostluq, ilk sevgi və həyat yollarının kəsişməsindən bəhs edirdi. Tima və onun dostlarının həyat hekayəsi izləyicilərə həm nostalji hisslər yaşatdı, həm də səmimi yumoru, emosional dərinliyi ilə seçildi. Tamaşanın gedişində səhnəyə hakim olan parlaq enerji və gənc aktyorların yüksək peşəkarlığı hər kəs tərəfindən alqışlandı.

    Xalq artisti Brilyant Dadaşovanın səhnədəki ifaları tamaşaya xüsusi ovqat qatdı. Onun duyğulu və zövqlə seçilən ifası tamaşaçılar üçün teatr axşamını daha da yaddaqalan etdi. Əməkdar artist Nigar Rzayevanın xoreoqrafik nüansları isə səhnəyə estetik ahəng və ahəstəlik gətirirdi.

    Tamaşanın quruluşçu rejissoru Raula Türkan, ssenari və musiqi tərtibatı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverova məxsusdur. Səhnə tərtibatı Mustafa Mustafayevə, geyimlər isə Olqa Abbasovaya məxsusdur. Bu peşəkar komandanın iş birliyi sayəsində teatr gecəsi əsl sənət bayramına çevrildi.

    Tamaşada Əməkdar artistlər İnna İmranova, Milana Sokolenko, Tamerlan Abdullayev, Coxar Abdullayev, Ruslan Pavlov, Səbinə Asim, Tamila Abutalıbova, Aylin Türkan, Samirə Rəhimova, Syama Vəliyeva və baş qəhrəmanlar Rəşad Əliyarov və Dilarə Nəzərova çıxış edirdilər.

    Gecənin ən emosional və yaddaqalan anı isə finalda yaşandı. Gənc aktyor Rəşad Əliyarov səhnədə, tamaşaçıların gözü qarşısında həmkarı Dilarə Nəzərovaya eşqini etiraf etdi. Həyəcandan səsi titrəyən Dilarə xanımın "Bəli!" cavabı teatr salonunu alqışlara qərq etdi. Bu səhnə premyera gecəsinin emosional zirvəsinə çevrildi və uzun müddət izləyən hər kəsin yaddaşında qalacaq.

    Akademik Rus Dram Teatrın direktoru Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev jurnalistlərlə söhbətində bildirdi ki, bu cür tamaşalar həm teatrın daxili enerjisini, həm də Azərbaycan mədəniyyətinə dövlət səviyyəsində göstərilən qayğını əks etdirir:
    “Azərbaycan Prezidenti cənab İlham Əliyevin mədəniyyətə, xüsusilə teatr sənətinə diqqət və qayğısı bizim fəaliyyətimizi daha da ruhlandırır. Mədəniyyət paytaxtı olan Bakıda belə sənət hadisələrinin baş verməsi qürurvericidir. Bu tamaşa ilə biz həm böyük yazıçı Maqsud İbrahimbəyovu yad etdik, həm də teatrın canlı, yaradıcı enerjisini nümayiş etdirdik” – deyə Ədalət müəllim vurğuladl.

    O, həmçinin Azərbaycanın kino və teatr sənətinə misilsiz töhfələr vermiş Maqsud İbrahimbəyovun xidmətlərini də xüsusi qeyd etdi:
    “Maqsud müəllim təkcə Azərbaycanın yox, bütün postsovet məkanının görkəmli sənətkarıdır. Onun dramaturgiya və kino sahəsində yaratdığı məktəb bu gün də yaşayır. Bu həftə İbrahimbəyovlar ailəsinin parlaq nümayəndəsinin – Maqsud İbrahimbəyovun yubileyini müxtəlif tamaşalarla qeyd etdik. Bu da bizim komanda tərəfindən yubilyarın xatirəsinə sayğıdır”.
    Akademik Rus Dram Teatrında nümayiş olunan “Arzu yaradan gələcək” tamaşası yalnız səhnə əsəri deyil, həm də həyatın özü, sevgi, xatirələr və sənətin birləşdiyi əsl estetik hadisəyə çevrildi. Premyera gecəsi bir daha sübut etdi ki, teatr – təkcə sənət yox, həm də hisslərin, etirafların və unudulmaz anların məbədgahıdır.

    Elnurə Abuşova













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR