Bakı, 26 fevral - Azadmedia.az
Gənc ifaçı Röya Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyində ilk solo konsert proqramı ilə çıxış edib
Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalı respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın ilk solo konsertinə ev sahibliyi edib. On beş illik yaradıcılıq yolunun məntiqi davamı olan bu konsert tamaşaçıların gur alqışları ilə yadda qalan təsirli sənət axşamına çevrilib.
Konsert proqramında səsləndirilən klassik və retro musiqi nümunələri zərif lirizm və daxili emosional dinamika ilə seçilib, eyni zamanda ifaçının özünəməxsus interpretasiyasında təqdim edilib. Röya Əliyeva retro mahnıları zərif üslub, dərin hiss və incə musiqi duyumu ilə ifa edərək dinləyiciləri nostalji ovqata kökləyə bilib.
Səhnədə vokal və skripka ifaçılığını ustalıqla nümayiş etdirən istedadlı ifaçı Röya Əliyeva Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil alıb. Təhsil illərində Gimnaziyanın Kamera Orkestrinin birinci skripka ifaçısı olub, həmçinin vokal və xor kollektivinin fəal üzvü kimi çıxışlar edib. O, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və digər ölkələrdə keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdə skripka və vokal ifaçılığı üzrə yüksək nəticələr əldə edərək Qran Pri və birincilik mükafatlarına layiq görülüb. İfaçının çıxışları bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərində təşkil olunan rəsmi və mədəni tədbirlərdə də səslənib.
Hazırda R.Əliyeva Bakı Musiqi Akademiyasının instrumental ifaçılıq (violin) ixtisası üzrə IV kurs tələbəsidir. Eyni zamanda o, Fidan Hacıyevanın vokal musiqi məktəbində Əməkdar artist Fərid Əliyevdən vokal dərsləri alır. Musiqiçi Azərbaycan və ingilis dillərində violin ixtisası üzrə pedaqoji fəaliyyət göstərir.
Tarixi və zərif İtalyan zalında keçirilən bu solo konsert Röya Əliyevanın yaradıcılıq yolunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və onun Azərbaycan musiqi səhnəsində möhkəmlənən mövqeyini bir daha təsdiqləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.