Gəncə Dövlət Milli Dram Teatrında “Zəhri-Mar” tamaşasının premyerası keçirilib

26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Gəncə Dövlət Milli Dram Teatrında “Zəhri-Mar” adlı yeni tamaşanın premyerası olub.
Tamaşa Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü və Gəncə Dövlət Milli Dram Teatrının repertuar planına uyğun olaraq səhnələşdirilib.
Ağır psixoloji ailə dramını əks etdirən səhnə əsərində dövrümüzün ən ciddi sosial problemlərindən biri olan narkomaniyanın bir ailənin faciəsinə, cəmiyyətin mənəvi aşınmasına və bəşəriyyət üçün yaratdığı təhlükələrə diqqət çəkilir.
Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Milli Dram Teatrına dəvət olunmuş rejissor Abdulla Elşadlı, rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, musiqi tərtibatçısı Şəms Elşadlı, işıq üzrə rəssamı Emin Musayev, xorların müəllifi və aranjemançısı Ziyad Abbasov, rejissor assistenti isə Samirə Yusifovadır.
Səhnə əsərində əsas rolları Əməkdar artist Novuz Cəfərov, aktyorlar Zülfiyyə Əliyeva, Şahmar Məmmədov, Aysu Kəngərli, Ruslan Hüseynov və Elmir Məmmədov canlandırıblar.
Premyera tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda Gəncə Dövlət Milli Dram Teatrının kollektivi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.