AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Tarix süni intellektin dili ilə: "Sultan Həsən Bahadur" təqdim olundu"

  • + A
  • - A
  • Bu gün, 14:17

    "Tarix süni intellektin dili ilə: "Sultan Həsən Bahadur" təqdim olundu"

    Nizami Kino Mərkəzində "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sifarişi ilə hazırlanmış, Azərbaycanın ilk süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilən "Sultan Həsən Bahadur" tarixi sənədli filminin təqdimat mərasimi keçirilib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarından keçən şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim olunan ekran əsərinin milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini, süni intellektin yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməli olduğunu diqqətə çatdırıb.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir. QSC sədri əlavə edib ki, tarixi yaşatmaq və onu gələcək nəsillərə çatdırmaq Azərbaycan Televiziyasının əsas missiyalarından biridir və film Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

    Həmçinin süni intellekt texnologiyalarından istifadə edilməsinin Azərbaycan kinosu üçün yeni mərhələ olduğu vurğulanıb.

    Tədbirin ən yaddaqalan məqamlarından biri Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş AZTV əməkdaşı Sirac Abışovun atasının mərasimdə iştirakı olub.
    O, zalda alqışlarla qarşılanıb və bu an iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb.

    Tədbir çərçivəsində Azərbaycan Televiziyasının son illərdə istehsal etdiyi tarixi və sənədli filmlərdən ibarət qısa videoçarxlar nümayiş olundu. Qeyd olundu ki, son dövrlərdə AZTV-nin ərsəyə gətirdiyi tarixi ekran əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və milli irsin təbliğinə mühüm töhfə verir.

    Təqdimat mərasimindən sonra nümayiş etdirilən 37 dəqiqəlik "Sultan Həsən Bahadur" tarixi sənədli filmi tamaşaçılar tərəfindən maraqla izlənilib.

    Film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı Uzun Həsənin həyat və fəaliyyətinə həsr olunub. Ekran əsərində onun uşaqlıq və gənclik illəri, hökmdar kimi formalaşması, keçdiyi çətin yol və dövlətçilik fəaliyyəti əks etdirilir.

    Filmdə Uzun Həsənin anası Sara Xatunun obrazına xüsusi yer ayrılıb. Tarixdə ilk qadın diplomat kimi tanınan Sara Xatun oğluna arxa duran, ona müdrik məsləhətlər verən və düzgün yol göstərən bir ana kimi təqdim olunur.

    Ekran əsərində döyüş səhnələri və dövrün mühüm tarixi hadisələri də canlandırılıb. Çəkilişlər Təbriz, Türkiyə və Tiflisdə aparılıb ki, bu da filmin tarixi atmosferini daha dolğun şəkildə tamaşaçıya çatdırır.

    Premyera zamanı bildirilib ki, "Sultan Həsən Bahadur" tarixi layihələr silsiləsinin ilk ekran əsəridir.

    Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir.

    Tariximizin süni intellekt və müasir kino texnologiyaları vasitəsilə təqdim olunması Azərbaycan kinosunda yeni yanaşmanın formalaşdığını göstərir və bu istiqamətdə hazırlanacaq növbəti layihələrə marağı daha da artırır.

    Leyla Turan




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR