Gəncə Dövlət Milli Dram Teatrının kollektivi Xalq artisti Məmmədəli Balayevi ziyarət edib

Bu gün Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev və teatrın bir qrup əməkdaşı Azərbaycan teatr sənətinin tanınmış simalarından biri, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmmədəli Balayevi evində ziyarət ediblər.
Səmimi görüş zamanı teatrın rəhbərliyi və kollektiv üzvləri görkəmli sənətkarla görüşməkdən məmnunluqlarını ifadə edib, onun Azərbaycan teatrının inkişafında göstərdiyi uzunmüddətli xidmətlərindən, səhnə sənətinə verdiyi töhfələrdən və zəngin yaradıcılıq yolundan söz açıblar.
Ədalət Hacıyev Xalq artisti Məmmədəli Balayevə Gəncə Dövlət Milli Dram Teatrının kollektivi adından hörmət və ehtiramını çatdırıb. Bildirib ki, Azərbaycan teatr sənətinin formalaşmasında və inkişafında böyük sənətkarların xüsusi rolu var. Belə sənətkarların keçdiyi yaradıcılıq yolu, səhnə mədəniyyəti və sənətə sədaqəti gənc aktyor nəsli üçün hər zaman mühüm örnəkdir.
Görüşdə Məmmədəli Balayevin Gəncə teatrının inkişafında və aktyor sənətinin təbliğindəki xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, sənətkarın uzun illər ərzində səhnədə yaratdığı obrazlar, peşəkarlığı və teatr sənətinə bağlılığı tamaşaçıların yaddaşında silinməz izlər buraxıb.
Səmimi söhbət zamanı Azərbaycan teatrının keçmişi, bu günü və gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Teatrın inkişaf mərhələləri, sənət adamlarının yaradıcılıq fəaliyyəti, aktyor nəslinin formalaşması və səhnə sənətinin gələcək perspektivləri ətrafında maraqlı söhbət baş tutub.
Məmmədəli Balayev öz növbəsində Gəncə Dövlət Milli Dram Teatrının rəhbərliyinə və kollektiv üzvlərinə göstərdikləri diqqətə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Sənətkar teatr kollektivi ilə görüşdən məmnunluğunu ifadə edərək, doğma səhnə və sənət yoldaşları ilə bağlı xatirələrini bölüşüb, yaradıcılıq fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan və teatr sənətinə olan sevgisindən danışıb.
Görüş zamanı sənətkarın zəngin yaradıcılıq irsi, teatr sənətinə xidmətləri və Azərbaycan mədəniyyətində tutduğu mövqeyi bir daha qeyd olunub. Teatr kollektivi Xalq artistinə möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında ailə səadəti arzulayıb.
Bu cür görüşlər sənətkarlar arasında mənəvi bağların qorunması, teatr ənənələrinin yaşadılması və nəsillərarası sənət əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gəncə Dövlət Milli Dram Teatrının kollektivi bundan sonra da Azərbaycan teatrının inkişafında xidmətləri olan sənətkarlarla əlaqələrin davam etdirilməsinə, onların zəngin yaradıcılıq irsinin təbliğinə və gənc nəslə çatdırılmasına xüsusi diqqət göstərəcək.





Gəncə Dövlət Milli Dram Teatrı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.