Masallıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan silsilə tədbirlər yüksək ruh və böyük ictimai maraqla davam edir. Masallı Heydər Əliyev Mərkəzində keçirilən “Tarixin yazdığı böyük ömür yolu” adlı tədbir də bu mənəvi-siyasi irsin təbliği baxımından xüsusi əhəmiyyət daşıdı. Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov həmkarı Fəzail İbrahimi ilə birlikdə iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olub, Azərbaycan dövlətçiliyinin inkişaf mərhələlərini əks etdirən materiallara baxış keçiriblər. Çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətləri müasir Azərbaycanın siyasi tarixində silinməz iz qoyub. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb tarixi sınaqlardan uğurla çıxaraq sabitlik, inkişaf və milli birlik yoluna qədəm qoyub.
Bildirilib ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyin qorunmasına, milli həmrəyliyin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına zəmin yaradıb. Bu gün ölkəmizin əldə etdiyi uğurların təməlində də məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu dayanır.
Tədbirdə çıxış edən deputat Məşhur Məmmədov qeyd edib ki, Heydər Əliyev təkcə bir siyasi lider deyil, həm də bütöv bir dövlətçilik məktəbinin banisidir:
“Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyan, dövlətçilik ənənələrimizi yaşadan və xalqımızın gələcəyini müəyyən edən böyük şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın qazandığı hər bir nailiyyətin təməlində Heydər Əliyev ideyaları dayanır.”
Deputat vurğulayıb ki, gənclərin milli-mənəvi dəyərlərə bağlı yetişməsi, dövlətçilik ənənələrinin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində belə tədbirlər mühüm rol oynayır. Onun sözlərinə görə, Ulu Öndərin zəngin irsi gələcək nəsillər üçün daim örnək olacaq.
Tədbir çərçivəsində bir qrup fəal gəncə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələrinin təqdim olunması da xüsusi əlamətdar məqam kimi qiymətləndirilib. Çıxış edənlər qeyd ediblər ki, dövlətə və milli ideologiyaya bağlı gənclərin siyasi proseslərdə fəal iştirakı Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcək.
Sonda tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək bildiriblər ki, Heydər Əliyevin ideyaları yaşayır və müasir Azərbaycanın inkişaf yoluna işıq salmaqda davam edir. Masallıda keçirilən silsilə tədbirlərin əsas məqsədi də gənc nəslə bu böyük siyasi irsi daha yaxından tanıtmaq, dövlətçilik ənənələrinə sədaqət hissini gücləndirməkdir.