AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov İstanbulda 27 Sentyabr – Anım Günü tədbirində çıxış edib

  • + A
  • - A
  • Bu gün, 16:39

    Məşhur Məmmədov İstanbulda 27 Sentyabr – Anım Günü tədbirində çıxış edib


    27 Sentyabr – Anım Günü ilə əlaqədar qardaş Türkiyədə keçirilən tədbirlər davam edir.

    İstanbulun İmam Zeynalabdin Camesində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatı Məşhur Məmmədov, Türkiyə millət vəkilləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, onların qəhrəmanlığı və Vətən qarşısındakı fədakarlığından bəhs edilib.

    Çıxış edən Məşhur Məmmədov bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm böyük ağrı, həm də tarixi Zəfərə aparan yolun başlanğıcı kimi qalacaq:

    “27 Sentyabr – Anım Günü bizim üçün şəhidlərimizin qarşısında baş əydiyimiz, onların müqəddəs xatirəsini ehtiramla yad etdiyimiz xüsusi bir gündür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımızın işğalına son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi.

    Bu Zəfər böyük qurbanlar hesabına əldə olunub. Şəhidlərimizin adı Azərbaycan tarixinin ən şərəfli səhifələrinə əbədi həkk olunub. Onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətən sevgisinin və fədakarlığın ən böyük nümunələrindən biri olacaq.

    Anım Gününü qardaş Türkiyədə qeyd etməyimizin xüsusi mənası var. Azərbaycan-Türkiyə münasibətləri yalnız dövlətlərarası əlaqələrdən ibarət deyil. Bu münasibətlər ortaq tarixə, milli və mənəvi dəyərlərə, sarsılmaz qardaşlıq bağlarına əsaslanır.

    Türkiyənin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək xalqımız tərəfindən heç vaxt unudulmayacaq. Çətin günlərdə Azərbaycanın yanında olan qardaş Türkiyə bizim üçün daim xüsusi yerdədir.

    Bu gün Azərbaycan və Türkiyə regionda sülhün, sabitliyin və inkişafın möhkəmlənməsinə mühüm töhfələr verirlər. Əminəm ki, iki qardaş ölkə arasında münasibətlər bundan sonra da bütün sahələrdə daha da inkişaf edəcək və möhkəmlənəcək.

    Bu əziz gündə bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq”.

    Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir daha ehtiramla yad edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR