AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Limanı - Azərbaycanın dünyaya açılan qapısı - REPORTAJ

  • + A
  • - A
  • 16-11-2022, 09:00

    Bakı Limanı - Azərbaycanın dünyaya açılan qapısı - REPORTAJ

    Bakı Limanına səfər düzünü desəm, arzu etdiyim media-turlardan idi. Limanın İctimayyətlə əlaqələr şöbəsinin rəhbəri Elmar Həbiblidən gələn dəvəti çoxdan gözləyirdim. Bakıdan 70 km aralıda ucsuz-bucaqsız sahəni əhatə edir Bakı Limanı.

    Bakı Limanı deyəndə ağıla 28 may metrosuna yaxın Bakı Dəniz Limanı gəlir. Söhbət zamanı Elmar bəydən öyrəndim ki, sözügedən ərazi Bakı Limanının tabeliyindədir, amma hazırda həmin bina sərnişin və yük daşıması üçün fəaliyyət göstərmir. Sadəcə olaraq SOCAR-ın və BP-nin bəzi estakadalarına sərnişin səfərləri həyata keçirir. Amma Gürcüstan, Qazaxıstan və digər Xəzəryanı ölkələrə artıq sərnişindaşıma və yük daşımaları Bakı Limanının indiki yerləşdiyi ərazidə - Ələt qəsəbəsində həyata keçirilir.
    İqlim şəraiti mürəkkəb olsa da, ətrafda yaşıllıqlar gözə dəyir. İlk səfər etdiyimiz ərazi Ümumi Yük Terminalıdır.






    "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Ümumi Yük Terminalının rəisi Kamran Cəlili bildirir ki, gübrə daşınmaları rentabelli xidmətdir. Ən çox Türkmənistandan, Qazaxıstandan daxil olur. Bakı Limanında gübrə terminalı inşa edilir, gələn il istifadəyə veriləcək. Terminalda ildə 3 milyon ton, saatda isə 600 ton yük aşırılacaq. Əlavə olaraq buradan saatda 6 min ton səpgili yük aşırmaq da mümkün olacaq.
    K.Cəlilinin sözlərinə görə, limana Orta Asiya ölkələrindən kükürd, korbamid, ammonium-nitrat gübrələrinin gətirilməsi planlaşdırılır.

    Söhbətin bu yerində Elmar bəy xatırladır ki, bu il iyulun 25-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" və Türkiyənin "Albayrak" şirkətlər qrupu arasında gübrə terminalı ilə bağlı razılıq əldə edilib. Razılığa əsasən, "Albayrak" terminalda 49% paya malik olacaq.
    Keçən illə müqayisədə Bakı Limanında yükaşırmanın 14 % artdığını deyən E.Həbiblinin verdiyi məlumata görə bu ilin yanvar-oktyabr aylarında Bakı Limanında 5,356 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur.
    Minik avtomobillərinin sayında da 6 dəfə artım olub. Yüklərin 90 %-dən çoxu tranzit yüklərdir, əsasən Çindən, qismən isə Orta Asiya ölkələrindən daxil olur və Avropanın müxtəlif ölkələrinə göndərilir.

    Bakı Limanı genişləndirilir və onun illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər çatdırılması nəzərdə tutulur.
    Bakı Lİmanında 2014-ci ildə "Bərə" terminalı istifadəyə verilib.
    Bərə terminalı kimi 2014-cü ildən istifadəyə verilib. Orda birbaşa vaqonlar gəmilərin içinə daxil olur. Daha sonra təkərli texnikalarla gəmiyə daşınır. 2014 və 2018-ci illərdə Bakı terminallarının istifadəyə verilməsində cənab Prezident İlham Əliyev iştirak edib. Liman, nəinki Azərbaycan, region üçün strateji mühüm obyektdir. Son dövrlər orta dəhlizlə bağlı xüsusilə müharibədən sonra daha çox mediada mövzular işıqlanmağa başladı. Demək olar ki, cənab Prezident əksər çıxışlarında Azərbaycanın logistika imkanları barədə danışır. Logistikadan danışarkən Bakı Limanının fəaliyyətinə, onun gələcəyinə diqqət ayırır.
    Öyrənirk ki, gələn il Bakı Limanının tikintisinin 2-ci fazasının texniki iqtisadi əsaslandırılması bitəcək və daha sonra Limanın tikintisinə başlanılacaq.
    Cənab Prezident həm Özbəkistan, həm Gürcüstana səfərində bununla bağlı məlumat verdi.

    Niyə görə Bakı Limanı mərkəzdən çıxarıldı, paytaxtdan 70 km cənuba aparıldı?

    Çünki saysız-hesabsız konteynerlər, (son statistikaya görə limanda 400 tır var, Qazaxıstana, Türkmənistana getməsini gözləyirlər. Təsəvvür edək ki, 400 tırın 100-ü şəhərə gəlir, düşünülməsi belə dəhşətdir. Ələtin seçilməsi də əbəs deyil, çünki Ələt qəsəbəsi logistik dəhlizlərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir. Həm dəmir yolu, həm burdan şimala gedən quru yol Cənuba gedən avtomobil yollarının kəsişməsində yerləşir. Ora İran istiqamətindən də şəhərə girmədən yüklər asanlıqla daxil olur, yaxud Rusiya istiqamətindən gələn tırların da arxa yolla Ələtə gəlməsi asandır və ya əksinə, Avropaya yüklərin daşınmasının həyata keçirilməsi baxımından əlverişli məkandır.

    Limanın əhəmiyyəti niyə görə son illər artmağa başladı?

    Avropa və Asiya arasında yüklər quru yolla daşınmasında Rusiya üzərindən Şimal dəhlizi dediyimiz yolla, Çindən gələn mallar Avropaya, Cənub dəhlizindən İran üzərindən və Orta dəhliz dediyimiz Azərbaycan və Gürcüstandan keçməklə Qara dənizlə Avropa ölkələrinə daşınır. Şimaldakı vəziyyət bəllidir, bir çox dövlətlər Rusiyaya sanksiya qoyub, cənubda İran illərdi sanksiyalara məruz qalıb. Belə olduqda yüklər Azərbaycan üzərindən daha təhlükəsiz daşınır. Beləliklə Orta dəhlizin əhəmiyyəti daha çox artır. Hazırda həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə, Qazaxıstan, Özbəkistan və digər mərkəzi Asiya ölkələrinə həm dəmiryolu, həm nəqliyyat limanlarının yükaşırma potensialı o səviyyəyə çatdırılıb ki, rahatlıqla bu dəhliz vasitəsilə mallar Avropa ölkələrinə daşına bilir. Bu, həm böyük miqdarda maliyyə gəliridir, bu həm də siyasi əlaqələrin inkişafı deməkdir. Çindən yüklər məhz Azərbaycan vasitəsilə Avropaya daşınırsa, bu, həm də o deməkdir ki, bizim Avropa ölkələri ilə çox yaxşı siyasi əlaqələrimiz var. Belə olduqda ölkəyə əlavə dividendlər gəlir. İndiki Bakı Limanının yerləşdiyi ərazinin qonşuluğunda həm də Azad İqtisadi Zonanın tikintisi işləri həyata keçirilir. Bu da o deməkdir ki, məsələn iPhone niyə bir müəssisəsini bizdə qurmasın? Bu regionda istehsalat müəssisəsi qurduğumuz zaman ətrafda 130 mln-dan çox müştərimiz var. Bura İran Gürcüstan, Azərbaycan, Rusiya, Türkiyə daxildir. Belə olan halda niyə böyük şirkətlər burda istehsalat müəssisələrini qurmasın? Dəmir yolu, quru yol dəniz yolu, hava yolu var. Böyük şirkətlər avadanlıqlarını gəlib burda yığsınlar və Azərbaycanın məhsulu kimi qonşu dövlətlərə çatdırsınlar. Hazırda dövlət səviyyəsində həyata keçirilən layihələrin əsas məqsədi bundan ibarətdir. Biz logistik yol inşa edək, həm yeni iş yerləri yaransın, həm də qiymət əlçatan olsun. AİZ-də böyük istehsalat şəbəkələri qurulacaq. Liman genişlənən sonra dry port deyilən quru yüklər terminalı olacaq, onun vasitəsilə istənilən növ yükü eyni terminala toplayıb həmin terminal vasitəsilə istənilən ölkəyə həm quru yolu, həm dəniz yolu, həm qatar yolu vasitəsilə göndəriləcək. Xatırlayırsızsa, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı Azərbaycanda olmuşdur, hansı ki Türkiyə Prezidenti və Gürcüstanın baş naziri də orda iştirak etmişdi, həmin ərazi də Liman ərazisindədi. Həmin görüşün şərəfinə orda abidə qoyulub. Ümumilikdə 3 terminalla tanış olduq - Ro-Ro, Bərə, Quru Yük Terminalı. Yükün Azərbaycan üzərindən necə keçdiyini yüklərin hardan Azərbaycana gəldiyini, burdan hara getdiyini görmək maraqlı idi.

    İnzibati binada təlimdə bizi daha maraqlı məlumatlar gözləyirdi.
    Limanın Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bu ilin sonuna qədər 6 milyon ton yük daşırılmasının gözləndiyini bildirdi. Bu da ötən illə müqayisədə 10 % artım deməkdir. Onun sözlərinə görə Bakı Limanının II fazasının texniki-iqtisadi əsaslandırılması 2023-cü ilədək yekunlaşacaq. Texniki əsaslandırma hesabına Bakı Limanı üçün tələb olunan körpülərin sayı müəyyənləşəcək. İlkin layihəyəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq.

    Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tona bərabər olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

    Qonşu dövlətlərə tətbiq edilən sanksiyalar, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmini sürətlə artırır. Hazırda Bakı Limanı gələn yük həcmini qarşılamaq imkanında olsa da yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir. Təlim mövzusunun ən maraqlı bölməsi Zəngəzur dəhlizi ilə bağlı idi.

    Zəngəzur dəhlizinin açılmasının üstünlükləri

    Zəngəzur dəhlizinin açılması Çindən və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir. Vaxta qənaət edilməsi sahibkarlar üçün önəmlidir, bu eyni zamanda qiymətlərə də təsir edir. Sahibkarların bununla daha çox gəlir əldə edəcəyini deyən Xudayar Həsənovun sözlərinə görə Gürcüstanın Poti limanının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz və daha tez başa gələcək. Sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək.
    X.Həsənli qeyd etdi ki, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir.
    Türkiyədən gələn TIR-lər Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir.

    Türkiyənin “Albayrak” şirkətlər qrupunun logistika üzrə direktoru Harun Öncünün məruzəsi də maraqlı idi. Harun bəy bildirdi ki,
    Türkiyə holdinqi Bakı Limanına ilkin mərhələdə 30 milyon dollar pul qoyacaq.
    O, qeyd etdi ki, artıq 4 milyon ABŞ dolları dəyərində mobil kran alaraq onun bəzi hissələrini Bakı Limanına gətiriblər. Bu kranla limana yük gətirənlərə xidmət ediləcək.
    H.Öncünün sözlərinə görə, gələcəkdə layihələrin sayının artacağı istisna edilmir.

    Elmar Həbibli əlavə məlumat verərək qeyd etdi ki, “Albayrak” şirkətlər qrupu 50-dən çox şirkəti birləşdirir, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarə edilməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəyə malikdir. Bu il iyulun 25-də holdinqlə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yük cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər. Əldə edilmiş yeni razılığa görə isə “Albayrak” Bakı Limanı ilə birgə “Ro-Ro” və “Gübrə” terminallarında fəaliyyət göstərəcək.
    Körpülərə baxış zamanı məlumat aldıq ki, "Bərə" və "Ro-ro" terminallarında körpülərhidravlik olduğu üçün Xəzərdə suyun artıb-azalmasına əsasən dəyişə bilir və gəmilərin problemsiz yüklənib-boşaldılmasına imkan verir. .



    Ümumi yük terminalında nəhəng anbar tikilib. Daxilində gömrük xidmətinin fəaliyyəti üçün məntəqə də var. Üstünlüyü ondan ibarət olacaq ki, sahibkarlar gətirdikləri malları 3 il müddətinə gömrük rüsumu ödəmədən saxlama xərclərini ödəməklə ambarda saxlaya bilər. Pandemiya zamanı sürücülərin daşınması qadağan olduğu üçün tırlar qoşqularla gəmilərə yüklənir, lazımi ölkələrə göndərilir və əksinə ölkələrdən sürücüsüz, qoşqu ilə alınır.

    Sərnişin daşınması ilə bağlı sualımıza cavab olaraq bildirildi ki, Türmənistana giriş ümumiyyətlə dayandırılıb, Qazaxstana isə sənəd əsasında gediş mümkündür. Xəzər dənizi istər yüklərin daşınması, istər logistika xidmətində əvəzsiz rolu ilə Azərbaycan iqtisadiyyatına öz töhfələrini verəcək. Avropaya qapı rolunu oynayan Limana yeni səfərlər ümidiylə...
    Elnurə Abuşova
    Bakı-Ələt-Bakı




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR