Azərbaycan xalqı qəhrəman xalqdır, bəli, tarix boyu öz torpağı və azadlığı uğrunda düşmənə qarşı şərəflə, mərdliklə, ləyaqətlə mübarizə aparan xalq olub, əziz xalqımız. Çünki torpaq bizim üçün milli şərəf məsələsidir. Son 30 ildə isə Azərbaycan xalqı mənfur düşmən Ermənistan ilə mübarizə apardı və bu mübarizə ədalətin Qələbəsi ilə başa çatdı! Şanlı Qələbəmizin qazanılmasında Azərbaycan xalqı birlik göstərərək öz tarixi torpaqlarına qovuşdu.
Hər kəs bir nəfər kimi bir yumruq altında birləşdi – Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan xalqı və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımız, bütün azərbaycanlılar! Doğma vətəndən kənarda yaşayan əziz soydaşlarımız müharibə başladığı andan etibarən çox narahat idilər, belə bir zamanda vətəndə olmaq istəyirdilər, Azərbaycan Respublikası Dövlət Diaspora Komitəsi ilə xaricdəki lazımi diaspor fəaliyyətlərini 44 gün boyunca və ondan öncə və sonra da davam etdirdiər. Vətən müharibəsi zamanı onlar həm də bildirirdilər ki, lazım gələrsə Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə vətənin müdafiəsinə qalxmağa, döyüşlərdə iştirak etməyə hər an hazırdırlar.
Xaricdə yaşayan hər bir soydaşımız bu müharibədə işğalçı Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərərək, cəbhədə baş verənlərlə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etdilər. Tarixi Qələbəmizin səhnə arxası qəhrəmanlarından biri də, vətəndən kənarda - İsveçdə yaşamasına baxmayaraq ömrünün hər damlasını Vətən yoluna həsr etmiş dünyaca məşhur Yazıçımız Eluca xanım Atalıdır.
Bu gün,
Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın
"İşgüzar Azərbaycan xanımı" layihəsində xanım Eluca Atalının həyat yolu və uzaq ölkələrdə kök salmış yaradıcılığı ilə tanış olacaqsınız. Müsahibim ilə əziz Azadmedia.az-ın oxuyucularını baş-başa qoyuram.. Bu dəyərli müsahibəmizdən zövq alacağınızdan əminəm..
"İşgüzar Azərbaycan xanımı" layihəsinə xoş gəldiniz!- Xanım Eluca Atalı, özünüzü təqdim edərdiniz...Asif Ata Ocağının Evladı, yazar, 15 ildir İsveçdə yaşayıram, pedaqoji fəaliyyətlə məşğulam.
- Ev xanımı yoxsa iş xanımı? Avantajları və dezavantajları?
Iş xanımı, məncə, fəaliyyətimə daha uyğundur. Nəzərə alsaq ki, qadının evdəki işi aklad yarımdır, o zaman ev xanımları da fəaliyyətsiz sayılmırlar.
Fəaliyyətimdən fərəh alıram, digər tərəfdən tanınandan sonra diqqət mərkəzində olmaq adamın məsuliyyətin artırır, heç zaman unutmamalısan ki, ən balaca səhvin, nöqsanın belə sənə zərbə vura bilər.
- Özünüzü 5 sözlə ifadə edərdiniz.
Adamlıqdan İnsanlığa yol gedən varlıq və ya
İnsan kimi özünü yaradan adamam!
- Sizi, bu qısa vaxt ərzində siz edən xüsusiyyətlər?
Mütləqçiliyim, Mütləqə İnanlı olmağım və özümü yaratmaq, özümü yenidən doğmaq üçün öz nöqsanlarım ilə döyüşüb mübarizə aparmağımı əsas xüsusiyyət sayıram.
- Qərib ölkədə iş həyatındasınız və geniş sosial çevrəniz var, bu illər ərzində irəliləyərkən, təxminən necə əngəllərlə qarşılaşmısınız?
Maneələr deyəndə, əsasən adamların məni məişətə dəvət etməsinə üzülmüşəm, "elə bilirsən dünyanı düzəldəcəksən?", "öz işinlə məşğul ol, dincəl" və s. bu kimi bu günlə ayaqlaşmağa olan çağrışlar. Mənsə Asif Atanın bir rübaisində olduğu kimi:
"Qədim cəfakeşlər sırasındayam,
Bilmirəm dünyanın harasındayam!
Bu günün adamı olmadım heç vaxt,
Dünənlə sabahın arasındayam!"
Məni qınayanlardan incimədim, buna haqqım da yoxdur, milli mübarizədə olanların əksəriyyəti bu növ qınaqlarla üz-üzə qalırlar. Bu yolun böyüklüyündən xəbər verir ki, bu günə pərçimlənmişlər sabahlı əməllərə köklənə bilmirlər.
- İsveçdə bugünədək hansı sosial layihələri həyata keçirdiniz və ya qarşıda belə layihələriniz varmı?
"Qarabağ gerçəkləri" müxtəlif ölkələrdə məktəb, universitet və liseylərdə həyata keçirtdim, uşaqlar üçün "Nağılın qəhrəmanı sənsən" layihəm azərbaycan, türk və isveç dillərində hələ də davam edir, İsveçdə keçirilən beynəlxalq kitab günlərində
"Cəsarət et ki, azad bir insan olasan!" adı altında keçirilən görüşümdə İsveçin kral və kraliçası da qonaq qismində iştirak etdilər, "Mənim idealım" adı altında 20-yə yaxın görüşüm keçirildi, 10-12 yaşlı uşaqlar üçün hazırladığım layihə idi, bu ad altında insanın özünü yaratması və həm də əsərlərim əsasında nümunələrlə təqdim edilirəm.
- Əminəm ki, sizi özünə örnək götürən gənc kadrlarımız və yazarlarımız vardır. Belə gənclərimizə, gənc xanıımlarımıza tövsüyyəniz nə olardı?Daim özləri olsunlar, öz daxili imkanlarını aşkarlasınlar, uğur əldə etmək üçün ardıcıl mübarizə aparsınlar, yorulub yarı yolda durmasınlar.
Qələbə ardıcıllığı sevir, enerjisi tükənənlər yarı yolda qalırlar bunu gənclərimiz dərk etsinlər!
- Beynəlxalq aləmdə uğurlu yazıçılarımızdansınız - uğurunuzun sirri nədədir?Asif Atanın yaratdığı yeni Mütləqə İnam fəlsəfəsini yaradıcılığımda xətt kimi götürüb, bu fəlsəfəni bədii vasitələrlə təsvirini verməyim və kitablarımda ideyanı şərh etməyim kimliyinə baxmayaraq bütün oxuculara qeyri-adi görünür. Əsərlərimdə yeni dünyanın təqdimi artıq xarici oxucular tərəfindən dilə gətirilir.
- Qarabağda Şanlı Zəfər qazandıq. Siz də başda olmaqla xaricdə yaşayan soydaşlarımız güclü diaspor fəaliyyətləri bir çox işlər gördünüz. Belə fəaliyyət əsnasında Vətən müharibəmiz dövründən xatirinizdə qalanlar?Çalışdığım məktəbdə İraqdan olan bir riyaziyyat müəllimi Qarabağın ermənilərə məxsusluğu və bizim ordakı haqsız savaşımızdan bəhs etdi. Mənsə telefonuma yüklədiyim prezidentimizlə Paşinyanın Almaniyadakı görüşünü ona təqdim etdim, görüşü izləyib: "Bu axmaqdır ki, öz dili ilə Qarabağın onlarınkı olmadığını dediyi halda yenə o torpaqları tərk etməyib milləti qırdırır."
- Qarabağ Zəfər tariximizlə bağlı bir neçə cümlə..Səhər işə gedəndə millətindən asılı olmayaraq hər kəs məni təbrik edirdi, təbii, İrəvan, Livan və Suriya ermənilərindən savayı.
Şuşanın alınması sözlə ifadəsi mümkün olmayan qələbə idi, hələ də o anın fərəhin yaşayıram. 1992-ci il 29 martda Şuşa yaxınlığındakı bir kənd uğrunda savaşda amal qardaşım Amaltay şəhid oldu, 10 mayda Şəmkirə onun qırx mərasiminə gedərkən Göyçayda Şuşadan qayıdan yük maşınları ilə rastlaşdıq. Maşının arxasında güclü yağışdan qorunmaq üçün şinelinə bürünüb avtomatı sinəsinə basmış məğlub əsgərlərimizi görmək əzabına düçar olduq. Bu səhnə 28 il göz arxivimdə yuva saldı, zaman-zaman xatırlayanda içim sızlayırdı. Şuşanın yenilməz qəhrəmanlıqla geri alınması mənim üçün bir dastandır! O gecə Şuşanın geri alınması xəbərini eşitdikdə evdə kiçik uşaq kimi atılır-düşür, qışqırır, ağlayırdım.
- Hazırda, İsveçdə əvvəlki dönəmlə müqayisədə Qarabağ zəfərimizi qazandıqdan sonrakı dönəm arasında soydaşlarımıza qarşı rəftarda gözlə görülə biləcək dərəcədə fərqlər varmı?İndi bizə əvvəlki kimi aciz millət kimi yox, qalib dövlətin vətəndaşı kimi baxırlar. Bu şərəfli adı bizə daşıtdıran ordumuza borcluyuq. Ordum varsa, Yurdum var! Ordum yoxdursa, nə yurddan, nə də Vətənin sabahından danışmağa dəyər.
- Şəhid ailələrinə, şəhid analarına AzadMedia.az vasitəsilə nə demək istərdiniz - ən azı təsəlli olaraq..Təsəlli verəcək heç bir sözüm yoxdur, analar oğul doğur, həyat üçün, ailə üçün. Amma lazım olanda o oğullar şəraitdən, mövcud durumdan yüksəyə qalxıb qəhrəman olurlar. Bütün şəhidlərimiz qəhrəmandırlar, belə oğulları doğmuş analara özümü borclu bilirəm.
- Neçə kitab müəllifisiniz?29 kitabım yayımlanıb, 10 kitabım yayıma hazırdır müxtəlif nəşriyyatlarda, 7 kitabı isə yazmışam, növbə ilə redəktə edirəm. Hardasa 50-dən artıq kitab demək olar uşaq kitablarımı da bunların üzərinə gəlsək.
- Ən uğurlu saydığınız kitablarınız?"Tiqranizm Xocalıda" kitabını deyərdim və həm də ikinci dəfə işlədiyim variantı. Birinci dəfə çox sürətlə 2 aya yazdım, amma sonradan özümü qane etməyən boşluqları görüb düzəltdim.
- Öz həyatınızı əks etdirən kitabınız varmı, varsa adı?"Ruhu ilə oynayan qadın" romanı, amma, o da redəktə üçün öz növbəsini gözləyir. Amalım uğrunda mübarizəmi əks etdirən kitabım yenicə yayımlanmış
"Ənqa quşu" kitabımdır.
- Dünyanın hansı ölkələrində təqdimatlarınız olub və neçə dildə kitablarınız nəşr olunur?Ondan artıq dildə kitablarım yayımlanıb, Vətənim Azərbaycanda, Türkiyə, Özbəkistan, Qırğızıstanda canlı təqdimatlarım olub, bəzi ölkələrsə virtual təqdimatlar keçiriblər.
"Ənqa quşu" kitabının da təqdimatı Rusiyada yaxın günlərdə keçirilməsi üçün hazırlıq görülür.- Oxuyucularınız kitablarınızı haradan əldə edə bilər?Ali və Nino internet satış sitəsindən əldə edə bilərlər.
- İş, ailə həyatı və Yazarlıq həyatı - üçü bir arada .. Rahatdırmı?Təbii ki, rahat deyil, lakin, gücünü səfərbər edəndə hər işin öhdəsindən gəlmək olur. Ailəyə - məişətə çox vaxt ayıranda yaradıcılıq məhsuldar olmur. Mən yaradıcılıqda olan qısqanclığı bəzən aydın hiss edirəm və belə anlarda yuxumdan kəsib ona xərcləmək məcburiyyətində qalıram. Ümimi halda yaradıcılığımdakı üstün bir vərdiş haqda demək istəyirəm, düşünürəm, bu gənclərimizə, əsasəndə qızlarımıza lazım olar. Ev yığışdıranda, yemək bişirəndə səsli kitablara qulaq asıram və ya yazacağım mövzunu beynimdə o səviyyəyə qədər hazırlayıram ki, qalır təkcə oturub yazmaq. Belə olanda zaman itkisi olmur.
- Uğura gedən yolda üç qızıl qayda var deyirlər - Nə olursa olsun imtina etməyin, lazım olduğunda kömək alın və ən çətin zamanda belə gülümsəməyi unutmayın.. Sizcə?Tam da olmasa, razılaşıram. Ən çətin məqamda belə nikbin olmağı bacarıram, uğursuzluğu keçici hesab edirəm. Çünki gördüyüm işi bu günlə yox, gələcəklə müqayisə edirəm. Zaman daxili olan hər şeyin balaca olduğunu dərk edirəm. Əl-ayağıma dolaşan, məni artmağa qoymayan hər şeydən imtina etməyi, özümdən uzaqlaşdırmağı bacarıram. İmtinası olmayan, artmaz. Artmayansa azalır, əriyib yox olur. Yaradıcı insan hər an artmalı, öz üzərində çalışmalıdır, yoxsa onun yaratdıqları təkrar olar. Sənatkar təkrarlarda ölür.
- Əlavə etmək istədikləriniz varsa, buyurun..Uğur qazanmaq tək istedadla bağlı deyil, təbii ki, istedad əsasdır.
Lakin ən önəmlisi zəhmətdir, çabadır, öz gücünə inanmaqdır.
Öz gücünə inanmayan insan heç nəyə nail ola bilməz.
Minnətdaram mənə diqqət göstərib layihəyə dəvət etdiyiniz üçün.
Layihəmizə dəvətimizi qəbul etdiyinizə görə təşəkkürlər! Eluca Atalı - "Yaradıcı insan hər an artmalı, öz üzərində çalışmalıdır, yoxsa onun yaratdıqları təkrar olar. Sənatkar təkrarlarda ölür!"
Ülkər Piriyeva