İlham Əliyev Masallıda səfərdədir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır ki, bu istiqamətdə də ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır.
----------
12:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də "Masallı - Nemətləri" Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının çəkisi və rolu artmaqdadır. Bölgələrimizdə bu sahənin inkişafı istiqamətində icra olunan layihələr Azərbaycanda həm də ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi məsələsinə böyük dərəcədə töhfə verir. Son illərdə yaradılan müasir müəssisələrdən biri də "Masallı - Nemətləri" Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsidir. Bu cür müəssisələrin yaradılması ölkəmizin ümumi iqtisadi inkişafına da töhfə verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir ki, bu da ölkədə aparılan iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir. Qeyri-neft sektorunun inkişafında şübhəsiz ki, son illərdə həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir.
Hazırda yüksək məhsuldarlığın təmin edilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına, kənd təsərrüfatının gəlirli sahələrinin inkişafına, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkilinə və ərzaq təhlükəsizliyinə nail olunmasına dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu məsələlər aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu çərçivədə çəltik tədarükünün stimullaşdırılması, əhalinin bu sahəyə marağının daha da artırılması xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə, son illərdə cənub bölgəsində, o cümlədən Masallı rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət artırılıb.
AZƏRTAC xəbər verir ki, müəssisənin direktoru Ağamirzə Kərimov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Müəssisənin inşasına 2017-ci ilin noyabrında başlanılıb. 2018-ci ilin sentyabr ayında inşaat işləri tam başa çatdırılıb. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış oldu.
Müəssisənin nəzdində hazır məsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanılması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb. Bundan başqa, "Made in Azerbaijan" brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir. Burada 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün 2 dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.
"Masallı- Nemətləri" MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır. Təsərrüfatda yeni texnologiyaların tətbiqi ilə çəltik əkini sahələrinin hazırlanması bir neçə mərhələdə həyata keçiriləcək. Onların arasında şumun frez və disklə yumşaldılması, ləklərin içinin lazerli qreyderlə hamarlanması, toxumların germetik vannalarda yetişdirilməsi, 48 saat müddətində qapalı yerlərdə saxlanılması, kasetlərə aqreqatla səpilməsi daxildir. Bundan başqa, toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması və kiçik texnikalar vasitəsilə əkilməsi də həyata keçiriləcək. Burada yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlıq orta hesabla bir hektara 40-50 sentner - əvvəlkindən 2 dəfə çox olacaq. Müəssisə şitiləkən traktorla və digər texnikalarla təchiz edilib.
Ərazidə 400 tonluq anbar da inşa olunub. Cari ildə rayon ərazisində ümumilikdə 301 hektar çəltik sahəsi əkilib. 25 hektar sahə isə Koreya Respublikasından gətirilmiş "Daydon" markalı texnikalar vasitəsilə ən müasir texnologiya əsasında əkilib.
-----------
12:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış oldu.
Sonra dövlətimizin başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
----------
11:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.
---------
11:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.
Son illərdə respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verdi.
Bildirildi ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın "Evrascon-AzVirt" Birgə Müəssisəsi, Türkiyənin "Kolin İnşaat, Turizm Sənaye və Ticarət", "Özgün Yapı Sənaye və Ticarət" və "Polad Yol Yapı Sənaye və Ticarət" şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın "IRD Engineering", Almaniyanın "Kocks Consult GmbH", ABŞ-ın "TERA International Group" və Yaponiyanın "NİPPON KOEL UK Co" şirkətləridir.
Qeyd edildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Yeni magistral yolun 54,4 kilometrlik Cəlilabad-Masallı-Lənkəran hissəsinin tikintisi 2017-ci ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə təqdimatı keçirilsə də istismara verilməmişdi.
Məlumat verildi ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verildi. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırıldı.
Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub.
Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.