AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin Parlament Forumunda çıxış edib

  • + A
  • - A
  • 11-07-2024, 21:57

    Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin Parlament Forumunda çıxış edib

    İyulun 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forumda çıxış edərək, parlament platformasında əməkdaşlığın əhəmiyyəti, həmçinin BRİCS-ə üzv ölkələr arasında əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib.

    Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edərək, Parlament Forumunun dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu söyləyib. O, beynəlxalq münasibətlər sisteminin səmərəliliyinin artırılmasının siyasi müzakirələrin əsas mövzularından olduğunu bildirərək, qeyd edib ki, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə ciddi əməl olunmasını, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini, daxili işlərə qarışmamanı təmin etmədən beynəlxalq sistemin səmərəliliyindən danışmaq mümkünsüzdür. Təəssüf ki, beynəlxalq qaydalara əməl edilməməsi, ikili standartların və selektiv yanaşmanın nümayişi, bəzi dövlətlərin maraqlarının üstünlük təşkil etməsi istər-istəməz dünyanın daha parçalanmış və daha az dinc olmasına gətirib çıxarmışdır.
    Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar. Beləliklə də, Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına təmin edib, həm də xalqımızın 30 ilə yaxın axtardığı haqq-ədaləti də bərpa edib.
    Spiker Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər. Təəssüflər olsun ki, həqiqi sülhün mümkünlüyü artdıqca, biz eyni selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq. Sahibə Qafarova qeyd edib ki, bizim regionumuzda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O, vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.
    Milli Məclisin sədri deyib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcəkdir.
    Sahibə Qafarova bildirib ki, günümüzdə parlamentlərin beynəlxalq siyasətdə oynadığı rol - parlament diplomatiyası artıq mühüm alətə çevrilib. Bu fakt özlüyündə beynəlxalq münasibətlər sisteminin demokratikləşməsini təmin edir. Hesab edirəm ki, parlamentlər xalqı təmsil etdikləri üçün əməkdaşlıq gündəliyini dəstəkləmək, körpülər qurmaq, qarşıdurmaları yatırmaq üçün alternativ, bəzi hallarda isə daha yaxşı imkanlara malikdirlər. O xüsusilə vurğulayıb ki, parlament təşkilatları Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi müəyyən qrupların maraqlarının oyun meydanına, təzyiq və ikili standartlar alətinə çevrilməməlidirlər. Parlament təşkilatları həqiqi dialoqu və əməkdaşlığı təşviq etməlidir.
    Milli Məclisin sədri Sahibə Qafarova iyulun 11-də BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında məlumat verib. Spiker deyib ki, ölkəmizin bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.
    Milli Məclisin sədri bildirib ki, iqlimlə bağlı fəaliyyətin inkişafı və məqsədlərimizə çatmaq üçün bütün tərəflərin iştirakı vacibdir. Yalnız konstruktiv əməkdaşlıq, geniş öhdəliklər və birgə fəaliyyət yolu ilə biz hamı üçün davamlı və firavan gələcəyə dair ümumi baxışımızı həyata keçirə bilərik. Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi həm də onun icmaları və ölkələri ümumi məqsəd ətrafında birləşdirmək potensialına inamdır. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin səfərbər olunması istiqamətində səylərini əsirgəməyəcək.
    Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən Milli Məclisin sədri, iştirakçıları Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində keçiriləcək Parlament iclas barədə məlumatlandırıb. O vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək. Sahibə Qafarova, tədbir iştirakçılarını parlament iclasına dəvət edib.
    Qeyd edək ki, tədbiri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko açıb. O, tədbir iştirakçılarını salamlayaraq, konfrasnın əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib.
    Plenar sessiyada çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. O, ölkəmizin Qoşulamama Hərəkatı Parlament Şəbəkəsinə uğurlu sədrliyini təqdir edib.
    Tədbirdə həmçinin təşkilata üzv ölkələrin parlament sədrləri də çıxış ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR