Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) Qazaxıstandan sədrlik COP29 çərçivəsində Azərbaycana keçəcək. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.
“Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edən iki sülhsevər ölkədir. Buna misal olaraq CICA çərçivəsində ölkələr arasında əməkdaşlığı göstərmək olar. Noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində Qazaxıstan CICA-ya sədrliyi Azərbaycana verəcək”, - deyə o vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, ölkələr arasında iqtisadiyyat, enerji, turizm, təhlükəsizlik və bir çox digər sahələrdə əlaqələr inkişaf edib.
Yada salaq ki, Azərbaycan CICA Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə 2024-2026-cı illər üçün CICA-nın sədri seçilib.
Qərara əsasən, ölkəmiz 2024-cü ildə sədrliyi çərçivəsində CICA Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə CICA Dövlət və Hökumət Başçıları Şurasına (zirvə toplantısı) ev sahibliyi etməlidir.
Qeyd edək ki, CICA-nın çağırılması təşəbbüsü ilk dəfə 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstan tərəfindən irəli sürülüb. Təşəbbüsün məqsədi Asiyada effektiv və hərtərəfli təhlükəsizlik təşkilatı yaratmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.