Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 74 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Məmmədov parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasını davam etdirir. 14 avqustda Məşhur Məmmədov kampaniya çərçivəsində növbəti görüşlərinə Göyəçöl kənd Ağsaqqallar evində Göyəçöl kəndinin seçiciləri ilə görüşlə başladı.
Göyəçöl kəndinin seçiciləri ilə görüşdən öncə Göyəçöl Şəhidlərinin xatirəsi yad edildi, onların şərəfinə salınan parkda ucalan abidəyə gül dəstələri düzüldü.
Daha sonra millət vəkilliyinə namizəd Məşhur Məmmədov Masallı şəhər Mədəniyyət evində ziyalılar və ağsaqqallarla görüşdü.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın seçki platforması haqqında tədbir iştirakçılarına məlumat verdi.
Görüşdə çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov seçkilərin ölkəmizin rifahında rolundan danışaraq, Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını xatırladaraq qeyd edib ki, post müharibə dövründə cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət və qloballaşan dünyada baş verənlər ölkədə yeni reallıqlar yaradıb. M.Məmmədov sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin bütöv ərazisində ilk parlament seçkiləri olacağını qürur hissi ilə vurğulayaraq, bütün seçiciləri bütün suveren Azərbaycanı əhatə edəcək bu seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırdı.
Bugünkü təbliğat xarakterli görüşlərə YAP-ın Masallı rayonunda yerləşən inzibati binasında məşvərətçilərlə görüşlə yekun vuruldu. Məşvərətçilərlə görüşdə təbliğat-təşviqat mərhələsinin gedişi, gələcək planları müzakirə edildi.
Görüşlərdə çıxış edən Masallı şəhər sakinləri Şəhid anası Mehriban Sultanzadə, Əntiqə Tağıyeva, Həsənağa Əliyev, Göyəçöl kənd sakini Vaqif Şükürov, Xudayar Rəhimov və digər seçicilər YAP-ın namizədinin əvvəlki seçkilərdə də hər zaman onlarla görüşüb səlahiyyət çərçivəsində problemlərinin həllinə dəstək göstərməsini önə çəkərək sentyabrın 1-də yüksək fəallıq göstərərək seçkilərdə iştirak edəcəklərini və 74 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.