İnauqurasiyadan sonra ABŞ-ın yeni prezidenti Donald Tramp şahzadə Harrini ölkədən çıxara bilər. Bu barədə Daily Mail yazır.
Şahzadə Harrinin immiqrasiya sənədləri tezliklə ictimaiyyətə açıqlana bilər və onun özü deportasiya təhlükəsi ilə üzləşəcək. Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra prezident Co Baydenin administrasiyası onu daha müdafiə edə bilməyəcək. Heritage Foundation analitik mərkəzi uzun müddət Şahzadə Harrinin məlumatlarını dərc etmək niyyətində idi, lakin Baydenin qadağasından yan keçə bilmədi.
Şahzadə Harri 2023-cü ildə xatirələrində narkotik vasitələrdən istifadə etdiyini etiraf etdikdən sonra onun viza statusu ilk dəfə sual altına düşüb. Giriş qaydalarına görə, bu məlumat onun immiqrasiya sənədlərində göstərilməli idi. Lakin əcnəbilərin ölkəyə girişinə nəzarət edən qurum Harri haqqında məlumatı açıqlamaqdan imtina edib. Daha sonra Heritage Foundation ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyini məhkəməyə verib. Sentyabrda məhkəmə qeydlərin dərc edilməsi tələbini rədd etdi.
Hazırda bu qərardan mərkəzin vəkilləri tərəfindən apellyasiya şikayəti verilir.
“Əgər Tramp administrasiyası şahzadə Harrinin qeydlərini dərc etsə, bu, Amerika xalqının maraqlarına cavab verəcək. Harri məsuliyyət daşımalıdır. Harrinin sənədlərinin açıqlanması qanunun aliliyinə dair güclü siqnal verəcək, onun qarşısında hamı bərabərdir”, - Heritage Foundation nəzdində Marqaret Tetçer Azadlıq Mərkəzinin direktoru Neil Qardiner bildirib. Qardinerin sözlərinə görə, Ağ Ev "Şahzadə Harrini qorumaq üçün dəridən çıxacaq və bu müdafiə andiçmə mərasimindən sonra sona çatacaq".
Bundan əvvəl Britaniya kralı III Çarlzın xəstəliyinin şahzadə Harrinin planlarını qarışdırdığı bildirilirdi. Kral ailəsinə yaxın mənbənin sözlərinə görə, Harri III Çarlzın ağır xəstələnəcəyini gözləmirmiş və atası ilə barışmağa vaxt tapacağına inanırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.