Müdafiə texnologiyaları üzrə ixtisaslaşmış Anduril Industries şirkəti süni intellekt tərtibatçısı OpenAI ilə müqavilə bağlayıb. Bu əməkdaşlığın məqsədi milli təhlükəsizlik vəzifələri üçün süni intellekt sahəsində qabaqcıl həllərin hazırlanması və həyata keçirilməsidir. Bu barədə “Reuters” məlumat yayıb.
Əsas diqqət ABŞ-ın pilotsuz hava hücumundan müdafiə sistemlərinin (CUAS), habelə onların real vaxt rejimində potensial ölümcül hava təhdidlərini aşkar etmək, qiymətləndirmək və onlara cavab vermək bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək.
CUAS sistemi pilotsuz uçuş aparatlarının havada aşkarlanması və qarşısının alınması yolu ilə onların təsirindən qorunmaq üçün nəzərdə tutulub. Süni intellekt modelləri CUAS təhdidləri və əməliyyatları haqqında Anduril məlumat kitabxanası bazasında öyrədiləcək.
"Anduril ilə tərəfdaşlığımız OpenAI texnologiyasının köməyi ilə ABŞ ordusunun mühafizəsini təmin etməyə kömək edəcək" dedi OpenAI-nin baş direktoru Sem Altman.
Bu addım ABŞ, müttəfiqləri və Çin arasında süni intellekt tərəfindən idarə olunan və avtonom şəkildə işləyəcək silah yaratmaq yarışı fonunda atılıb.
2017-ci ildə əsası qoyulan Anduril Industries, pilotsuz uçuş aparatları, effektorlar və alətlər də daxil olmaqla geniş çeşidli sensorlar üçün inteqrasiya olunmuş avtonom həllər hazırlayır və tətbiq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.