AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova: Konfrans böyük əhəmiyyət daşıyır

  • + A
  • - A
  • 10-12-2024, 12:03

    Milli Məclisin sədri Sahibə Qafarova: Konfrans böyük əhəmiyyət daşıyır

    Azadmedia.az Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 10 dekabr tarixli plenar iclasında çıxışını təqdim edir:

    "Hörmətli həmkarlar!
    Bildiyiniz kimi, dekabrın 7-də Milli Məclisdə Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransı keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edirdi.
    Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparıldı, 27 nəfər çıxış etdi.
    Milli Məclis sədrinin və üzvlərinin çıxışlarında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin irsinin müasir dövrün çağırışları şəraitində əhəmiyyəti vurğulandı. Azərbaycanın hələ əsrin əvvəllərində demokratik prinsiplərə və mütərəqqi dövlət quruculuğuna sadiq olduğu, xalqımızın zəngin parlamentarizm ənənələrinin son 30 ildən artıq dövrdə daha da inkişaf etdirildiyi bildirildi.
    Xüsusən Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda ali hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığı nəzərə çatdırıldı. Qeyd olundu ki, bu gün Milli Məclis möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.
    Eyni zamanda, hörmətli həmkarlar, ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığı, təxribatlar törədildiyi, lakin onların nəticəsiz qaldığı da vurğulandı.
    Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq dəyirmi masa keçirildi. “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” mövzuları ətrafında fikir mübadiləsi də aparıldı.
    Hörmətli deputatlar!
    Konfrans çərçivəsində Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan parlamentlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər də keçirildi.
    Hesab edirəm ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri – Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR