Ələmdar Cabbarov,
BDU-nun "İnformasiya və sənəd menecmenti" fakültəsinin dekanı
Bu gün Ulu öndər Heydər Əliyevin Anım günüdür.
Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasını ən vacib prioritetlərdən biri hesab edirdi. Onun siyasi iradəsi və strateji baxışları bu gün də ölkəmizin inkişafında öz əksini tapır. Prezident İlham Əliyev atasının bu böyük arzusunu gerçəkləşdirərək, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi. Bu, yalnız Azərbaycanın deyil, həm də bütün türk dünyasının tarixi qələbəsi oldu.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət və görkəmli dövlət xadimidir. Onun rəhbərliyi altında Azərbaycan təhsili böyük inkişaf yolu keçmiş, elm və maarifin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyevin təhsilə verdiyi dəyər, onun elmə və gənc nəslin yetişdirilməsinə diqqəti müstəqil Azərbaycanın gələcək uğurlarının təməlində dayanmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycanda onlarla yeni ali təhsil müəssisəsi yaradıldı, təhsil infrastrukturu modernləşdirildi, vətəndaşlarımızın Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil alması üçün geniş imkanlar təmin edildi. Bununla yanaşı, Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verirdi və təhsil sistemində milli ruhun aşılanmasını vacib hesab edirdi.
Müstəqillik illərində də Ümummilli lider təhsilin inkişafına xüsusi önəm verdi. 1998-ci ildə "Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahat Proqramı" qəbul edildi. Bu proqram ölkədə müasir təhsil sisteminin formalaşmasına və beynəlxalq təhsil standartlarına inteqrasiya prosesinə mühüm töhfə verdi. Eyni zamanda, xaricdə təhsil alan tələbələrin sayının artırılması üçün Heydər Əliyevin dəstəyi ilə xüsusi proqramlar həyata keçirildi.
Bu gün Azərbaycan təhsili Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində inkişaf edir. Onun xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Ulu Öndərin Anım Günü münasibətilə onun ruhunu hörmət və ehtiramla yad edirik. Onun təhsil sahəsində yaratdığı irs bizə işıq tutmağa davam edir.
Bu uğur həm də xalqın birliyi, Ordunun gücü və Ulu öndərin siyasi varisi İlham Əliyevin uzaqgörən siyasi liderliyinin nəticəsidir. Heydər Əliyevin ideyaları və siyasi xətti bu gün onun layiqli davamçısı tərəfindən qürurla yaşadılaraq davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.