Stüardessa, Milli Qəhrəmanımız Hökümə Əliyevanın vikipediya səhifəsi yaradılıb. Səhifədə Milli Qəhrəmanımızın həyatı barədə məlumatlar paylaşılıb: Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdənin Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib. Atası Cəlil Əliyevin sözlərinə görə, bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. Atasının sözlərinə görə, o, bu uçuşdan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi. O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq "Hər şey yaxşı olacaq!" kəlmələri ilə məşhurlaşıb. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.