Rusiya və İran gələn həftə strateji tərəfdaşlıq sazişi imzalayacaq. İran Xarici İşlər Nazirliyi bildirib ki, saziş həm iqtisadi, həm enerji, həm də təhlükəsizlik məsələlərini əhatə edəcək.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bu gün keçirdiyi brifinqdə bildirib ki, müdafiə və təhlükəsizlik məsələləri Moskva ilə Tehran arasında yeni sazişə daxil ediləcək.
Hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanma tarixi artıq müəyyən edilib. İki dövlətin liderləri sənədi yanvarın 17-də imzalayacaqlar. İslam Respublikasının prezidenti Məsud Pezeşkian Rusiya paytaxtına gələcək. Razılaşmanın mətni 2024-cü ilin sonunda razılaşdırılıb.
"İran və Rusiya arasında əməkdaşlıq haqqında sazişin müxtəlif aspektləri var. Onun mühüm hissəsi ticarət və iqtisadiyyat, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləridir" - Baqai bildidib.
İndi ölkələr arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq prinsipləri əsasında 2001-ci ildə imzalanmış saziş mövcuddur. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi izah edib ki, əvvəlki razılaşmanın imzalanmasından sonra Moskva ilə Tehran arasında əməkdaşlığın əhatə dairəsi xeyli genişlənib, ona görə də sənədin yenilənməsinə ehtiyac var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.