Türkiyə Suriyanın parçalanması ilə heç vaxt razılaşmayacaq.
Azadmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Nazirlər Kabinetinin 2025-ci ildə Ankaradakı prezident kompleksində keçirilən ilk iclasından sonra açıqlama verib.
Rəcəb Tayyib Ərdoğan çıxışında xarici və daxili siyasətin geniş spektrinə toxunub.
Prezident qeyd edib ki, Türkiyə Qəzzada sülh ümidlərini canlandıracaq səhifənin açılması üçün əlindən gələni edir və konkret nəticələr əldə olunana qədər bu fəaliyyəti davam etdirəcək.
Ərdoğan 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və ərazi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin qurulacağını bəyan edib.
Türkiyə prezidentinin sözlərinə görə, Suriyada 61 illik “Bəas” istibdadından və 13 illik qırğınlardan sonra iman və səbir qalib gəlib”. Ərdoğan vurğulayıb ki, Türkiyə heç vaxt Suriyanın parçalanmasına və unitar quruluşunun pozulmasına razı olmayacaq.
- Əgər bununla bağlı risklər olarsa, Türkiyə tez bir zamanda lazımi addımları atacaq, deyə o əlavə edib.
Türkiyənin müdafiə sənayesi sahəsində uğurlarını şərh edən prezident qeyd edib ki, müdafiə sənayesinə yatırılan investisiyalar müharibəyə hazırlaşmaq üçün deyil, sülhün, sabitliyin və müstəqilliyin qorunmasına yönəlib.
Ərdoğan terror təşkilatlarına və onların himayədarlarına xəbərdarlıq edib: “Terrora və zorakılığa üstünlük verənləri gözləyən yeganə aqibət silahları ilə birlikdə dəfn etməkdir”.
Bundan əvvəl Ankarada keçirilən antiterror əməliyyatı və Türkiyə hüquq-mühafizə orqanlarının genişmiqyaslı xüsusi əməliyyatları zamanı 11 İŞİD üzvünün saxlanılması, bu əməliyyatlar zamanı ölkə üzrə mütəşəkkil cinayətkar qruplaşmada iştirak edən 157 nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.