Rusiya Azərbaycana qarşı törətdiyi terroru boynundan atmaq,.məsuliyyətdən qaçmaq istəyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, qəzaya uğrayan Azərbaycan Hava Yolları təyyarəsinin qara qutularının dekodlanması “mətbuatda səslənən bəzi ilkin qənaətləri” təsdiqləmir. TASS xəbər verir ki, o, bu barədə yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib.
Lavrov hansı nəticələrdən danışdığını dəqiqləşdirməyib. Rusiya xarici işlər naziri Braziliyada baş tutan və qəzaya uğrayan təyyarənin qara qutularının açıldığı “xüsusi iclas”dan danışıb.
Qara qutuların dekodlanmasının nəticələri barədə əvvəllər məlumat verilməyib.
Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 38 nəfər həlak olub.
Euronews və Reuters-in Azərbaycan hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, təyyarənin vurulmasına səbəb Rusiyanın hava hücumundan müdafiə sistemi olub. “Reuters” agentliyi bildirib ki, raket Qroznı səmasında “dronların uçuşu” zamanı təyyarəyə buraxılıb. Raket təyyarənin yaxınlığında partlayaraq onun səthinə ziyan vurub.
Üç gün sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzr istəyib. Əliyev bildirib ki, Rusiya təyyarə qəzasında “günahını etiraf etməlidir” və günahkarlar cəzalandırılaraq məsuliyyətə cəlb edilməlidir.
Qazaxıstan Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsinin registratorlarını Braziliyaya göndərib. Embraer təyyarələri bu ölkədə istehsal olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.