İrəvanda Ermənistan və Gürcüstan baş nazirlərinin görüşü baş tutub. Tərəflər iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlığı müzakirə ediblər.
Paşinyan qeyd edib ki, tərəflər bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı və qeyd-şərtsiz hörmət edirlər.
Ermənistanın baş naziri əlavə edib ki, ölkələr 2024-cü ilin yanvarında strateji tərəfdaş olublar və nəinki bir-birinin maraqlarına xələl gətirməməyə, həm də onların irəliləyişinə töhfə verməyə çalışırlar.
Qeyd olunub ki, İrəvanla Tbilisi arasında münasibətlərin mühüm aspekti iqtisadiyyatdır. İki ölkənin baş nazirləri İrəvan və Tbilisi arasında müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyi də müzakirə olunub.
Paşinyan bildirib ki, Ermənistan regionda bütün kommunikasiyaların və infrastrukturun blokdan çıxarılmasında maraqlıdır. O, həmçinin bildirib ki, Ermənistan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmağa hazırdır. Qara Dəniz Enerji sualtı kabeli Cənubi Qafqaz və Avropa arasında enerji körpüsünə çevriləcək.
Paşinyan gürcü həmkarından Gürcüstana səfərə dəvət alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.