Fevralın 3-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra spiker bildirib ki, yeddinci çağırış Milli Məclis ötən sessiyanı uğurla başa vurub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Spiker xatırladıb ki, birinci sessiyanın yekunları barədə deputatları ətraflı məlumatla tanış edib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib.
Deputatlarımız Asiya Parlament Assambleyasının komitə iclasında, ATƏT-in Parlament Assambleyasının büro iclasında, Şimali Kipr Türk Respublikasında keçirilən simpoziumda iştirak ediblər, Belarus Respublikasında Prezident seçkilərini müşahidə ediblər.
Spiker qeyd edib ki, yanvar ayının 21-də və 22-də Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olub.
Səfər çərçivəsində İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana, İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşlər olub.
Görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın güclü və sabit ölkə kimi inkişaf etməsindən məmnunluq ifadə edilib. İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğu, ölkələrimiz arasında münasibətlərin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirilib.
Eyni zamanda, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin böyük önəm daşıdığı bildirilib. Bu baxımdan Azərbaycanın, xüsusən Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyəti vurğulanıb.
Spiker bildirib ki, görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən regionda və daha geniş coğrafiyada mövcud olan vəziyyət barəsində də fikir mübadiləsi aparılıb.
Parlament nümayəndə heyəti Romada Azərbaycan Səfirliyini və Səfirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini də ziyarət edib.
https://www.meclis.gov.az/news.php?id=5929&lang=az