AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Heydər Əliyev Mərkəzində olublar

  • + A
  • - A
  • 18-02-2025, 23:50

    Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Heydər Əliyev Mərkəzində olublar

    Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də Heydər Əliyev Mərkəzində olublar.
    Qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.
    Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
    Qonaqlar əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbər olduğu dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər xidməti istifadəsində olan avtomobillərə baxıblar. Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqlarda böyük maraq doğurub.
    “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Natalya Koçanovaya bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib.
    Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin və qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb.
    Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. Azərbaycanın qədim musiqi alətləri ilə tanışlıqdan sonra qonaq "Kukla sərgisi"nə və Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.
    Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR