AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ YENİ İNKİŞAF EDİR

  • + A
  • - A
  • Bu gün, 15:09

    Strateji tərəfdaş olan Azərbaycanla Pakistan, siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əlaqələr qurub. Tərəflər arasında 1991-ci ildən etibarən diplomatik münasibətlər mövcuddur.

    AzadMedia.az xəbər verir ki, 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına ciddi təkan verib. Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır. Hər iki ölkə, D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, eləcə də regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə predmetidir.

    Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqətindədir. Sözügedən əməkdaşlığın ən mühüm nailiyyətlərindən biri də əldə etdiyimiz JF-17C adlı çoxməqsədli döyüş təyyarələridir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir. Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olan müasir, yüngül çəkili döyüş təyyarəsi birmühərriklidir.

    Azərbaycan və Pakistan müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalayıb, birgə hərbi təlimlər keçirib. Tərəflər təcrübə mübadiləsi və kadr hazırlığına da maraq göstərir. Prezident İlham Əliyevin ötən il iyulun 12-də İslamabadda Pakistanın "Milli Aerokosmik Elm və Texnologiya Parkı"ndakı hərbi sərgi ilə tanışlığı əbəs yerə deyil. Müxtəlif bölmələrdən ibarət sərginin ən diqqət çəkici hissəsi “NASTP Alpha” bölməsidir. Burada Pakistan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, kosmos, radar, simsiz rabitə sistemləri, simulyatorlar, kibertexnologiyalar, informasiya texnologiyaları, proqram təminatı və süni intellekt sahələrində məhsullar nümayiş etdirilib. NASTP Aviasiya Akademiyası “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nın qabaqcıl layihəsi olmaqla, dünya səviyyəli təlim institutu və uçuş, təhlükəsizlik və texniki xidmət üzrə təlimlər üçün regional mərkəzə çevrilməyi hədəfləyir. Görünür, strateji hədəflər milli maraqlara əsaslanır. Perspektivlər isə münasibətlərin inkişaf yolunu müəyyənləşdirir. Beləliklə, son nəticədə deyə bilərik ki, Azərbaycan və Pakistan ikitərəfli əlaqələrin daha da genişləndirilməsində ciddi səy göstərir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR