AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın D-8 təşkilatına üzvlüyü strateji əhəmiyyətlə yanaşı, yeni imkanlar yaradacaq

  • + A
  • - A
  • 25-03-2025, 09:00

    Azərbaycanın D-8 təşkilatına üzvlüyü strateji əhəmiyyətlə yanaşı, yeni imkanlar yaradacaq

    Məşhur Məmmədov,
    Millət vəkili


    Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (Developing-8) tamhüquqlu üzv kimi qoşulmaqla beynəlxalq əməkdaşlıq siyasətində mühüm bir mərhələyə qədəm qoydu. İstanbulda yerləşən D-8 Katibliyinə ratifikasiya sənədlərinin təqdim edilməsi ilə Azərbaycan bu nüfuzlu iqtisadi platformanın doqquzuncu üzvü oldu.

    Xüsusi vurğulamaq yerinə düşər ki, D-8 Katibliyi Azərbaycanın təşkilata qoşulmasını “mühüm hadisə” kimi qiymətləndirərək, bu addımın üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacağını bəyan edib.
    Qeyd edək ki, D-8 Təşkilatı 1997-ci ildə yaradılıb və əsas məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələri dərinləşdirmək, ticarət və investisiya imkanlarını artırmaqdır. Türkiyə, İran, Pakistan, Banqladeş, Misir, Nigeriya, Malayziya və İndoneziyadan ibarət olan bu quruma Azərbaycanın qoşulması ölkəmizin beynəlxalq iqtisadi müstəvidə mövqeyini daha da möhkəmləndirəcək.

    Azərbaycanın təşkilata üzvlük prosesi ötən ilin dekabrında Qahirədə keçirilən XI D-8 Sammitində yekdilliklə təsdiqlənmişdi. Milli Məclis 2025-ci il martın 7-də müvafiq qanunu qəbul edərək, Prezident İlham Əliyevin imzası ilə Azərbaycanın D-8 Təşkilatına tamhüquqlu üzv olmasını rəsmiləşdirdi.

    Bu üzvlük Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyasını gücləndirəcək, ticarət və investisiya axınlarını artıracaq, həmçinin D-8 daxilində strateji layihələrdə iştirak etməsinə imkan yaradacaq. Xüsusilə, enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın regional və qlobal iqtisadi siyasətində mühüm üstünlüklər təmin edə bilər.

    Azərbaycanın D-8 Təşkilatına üzvlüyü ölkəmizin çoxtərəfli diplomatiya strategiyasına uyğun olmaqla yanaşı, yeni bazarlara çıxışı genişləndirmək və iqtisadi inkişafı sürətləndirmək üçün önəmli bir addımdır. Bu qərar ölkənin iqtisadi maraqlarını qorumaq və beynəlxalq nüfuzunu artırmaq baxımından mühüm strateji əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR