Məşhur Məmmədov,
Millət vəkiliAğdaban faciəsindən bizi bir qərinə ayırır.
Tarix heç vaxt unutmur, unudulmur. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi Ağdaban faciəsi insanlıq tarixinin qara səhifələrindən biri kimi yaddaşlara həkk olunub.
Ağdaban kəndinin yerlə yeksan edilməsi, 32 nəfərin amansızlıqla qətlə yetirilməsi, yüzlərlə insanın işgəncəyə məruz qalması və min illərlə formalaşmış milli-mədəni irsin məhv edilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinin növbəti faciəvi nümunəsidir.
Beynəlxalq hüququn fundamental prinsiplərinə görə müharibə və insanlıq əleyhinə cinayətlər dövlətlərin və fərdlərin məsuliyyətini şərtləndirən ən ağır cinayət kateqoriyasıdır.
1948-ci il tarixli BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının 2-ci maddəsində soyqırımı termini belə təsvir olunur:
"Hər hansı milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlər."
Ağdaban faciəsində məhz bu elementlər açıq şəkildə mövcuddur.
Habelə 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə Protokollar mülki əhalinin qorunmasını dövlətlər üçün hüquqi öhdəlik kimi müəyyən edir. Ermənistan bu beynəlxalq öhdəlikləri kobud şəkildə pozaraq dinc Azərbaycan əhalisinə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədib.
Beynəlxalq Cinayət Məhkəməsinin (Roma Statutu, 1998) müddəalarına əsasən:
— Mülki şəxslərə qarşı hücum
— İnsanları işgəncə verməklə öldürmək
— Əmlak və mədəni irsi məqsədli şəkildə məhv etmək
müharibə və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsidir.
Təəssüf ki, Ağdaban faciəsində Ermənistan tərəfindən bu cinayətlərin hamısı törədilib.
Ermənistanın cinayət məsuliyyəti aktual olaraq qalır. Azərbaycan dövləti beynəlxalq hüququn aliliyinə əsaslanaraq Ermənistanın törətdiyi cinayətləri beynəlxalq müstəvidə gündəmə gətirir və bu istiqamətdə ardıcıl fəaliyyət göstərir.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, Ermənistanın törətdiyi hərbi cinayətlər, o cümlədən Ağdaban faciəsi kimi insanlıq əleyhinə cinayətlər hüquqi və siyasi qiymətini almalıdır. Bu, həm tarixi ədalətin, həm də gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir.
Ağdaban faciəsi Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tərkib hissəsi olmaqla yanaşı, dünya ictimaiyyətinin insan hüquqları və beynəlxalq hüququn müdafiəsi istiqamətində daha prinsipial mövqe sərgiləməsini tələb edən faciələrdəndir.
Azərbaycan xalqı və dövləti Ağdaban faciəsi qurbanlarının əziz xatirəsini daim ehtiramla yad edir.
Tarixi həqiqət, ədalət və beynəlxalq hüquq gec-tez öz sözünü deyəcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!