Məşhur Məmmədov,
Millət vəkiliBu gün Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədə və qarşılıqlı formada davam edir. Bu, iki dövlət arasındakı münasibətlərin daha da inkişafına yol açır.
Bir dövlət başçısı prezident seçildikdən sonra ilk səfərini hansı ölkəyə edirsə, bu möhkəm dostluqdan xəbər verir. Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri bir daha Azərbaycanla tərəfdaş və dost olduğunun bariz nümunəsidir. Hər iki dövlət Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.
Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması çox vacibdir. Müşahidələr göstərir ki, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Heç şübhəsiz ki, Azərbaycan həm regionda, həm də dünyada balanslaşdırılmış siyasət yürüdür.
Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri də mövcuddur. Tiflis və Bakı bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Çünki regional təhlükəsizlik olduqca vacibdir. Bir məqamı da qeyd etmək lazımdır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, çox uğurlu xarici siyasətin və iqtisadi əməkdaşlığın nəticəsidir.
Hər iki dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi əlaqələrin inkişafında müsbət rol oynayır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində dövlətlərarası münasibətlər daha da yüksək səviyyədə qərarlaşıb. İqtisadi, ticari, mədəni və siyasi əlaqələrin davamlı inkişaf etməsi məhz Gürcüstanla Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq və möhkəm dostluq ənənələrini daha da gücləndirib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ilin yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib. İki ölkənin liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev məzmunlu nitqində bir sıra mühüm tarixi faktları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub: “Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik”.
Bu gün Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır. Soydaşlarımız Gürcüstanda mühüm qərarların qəbul olunmasında iştirak edir. Hesab edirəm ki, Gürcüstan prezidenti M.Kavelaşvilinin ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək.