İrəvan qazılığının bərpası tarixi hadisədir
Qərbi Azərbaycana qayıdış istiqamətində addımlar atılır, mühüm qərarlar verilir. Bu sahədə görülən işlər tarixi missiya olmaqla yanaşı, həm də strateji və vacib hədəfdir.
Məhz bu baxımdan da, İrəvan qazılığının bərpası tarixi torpaqlarımıza qayıdışın yeni mərhələsidir. Tarixi yurd yerlərimizdə milli kimliyimizin, milli varlığımızın pak və mənəvi bünövrəsi yenidən dirçəldilməlidir. Zamanın bizdən tələb etdiyi də budur. Hər bir xalqın tarixə söykənən mənəvi dəyərləri mövcuddur. Bu dəyərləri qorumaq, yaşatmaq, və gələcək nəsillərə ötürmək üçün mütləq tarixi mədəni dini abidələrimizə sahib çıxmalıyıq. QMİ tərəfindən İrəvan qazılığının yenidən bərpası və qazının təyin edilməsi tarixi zərurətdən doğan mühüm hadisədir
Təəssüf hissilə qeyd edə bilərik ki, Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir. Ermənilərin Qərbi Azərbaycanda vandal əməllərinin mərkəzində tarixi izlərimizi silmək dayanıb. Bu gün də Qərbi Azərbaycan torpaqlarımızda erməni vəhşiliyi davam edir. Qəbirlərimiz dağıdılır, milli kimliyimiz məhv edilir, məscidlərimiz təhqir edilir. Hətta İrəvanda yerləşən Təpəbaşı məscidimiz əyləncə məkanına çevrilərək turistlərə spirtli içki təqdim olunur. Heç şübhəsiz ki, Ermənistan tərəfi İrəvan qazılığının bərpasına da birmənalı yanaşma sərgiləməyəcək
"Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq".
Qərbi Azərbaycana qayıdış prosesi təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. İrəvan qazısı Ermənistan ərazisində azərbaycanlıların kompakt yaşadığı və dini-tarixi abidələrin yerləşdiyi ərazilərdə nümayəndəliklər yarada biləcək. O, öz fəaliyyəti barədə QMİ-yə və Qazılar Şurasına vaxtaşırı məlumat verəcək.