Məşhur Məmmədov,
Millət vəkili Azərbaycan Respublikasının dövlət idarəçilik fəlsəfəsində insan amili daim əsas yer tutub. Bu fəlsəfənin təməlində isə hüquq, ədalət və humanizm prinsipləri dayanır. Məhz bu prinsiplərin davamı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əfv siyasəti on minlərlə insana yeni bir həyat şansı qazandırıb, ailələrə sevinc, cəmiyyətə isə barış və ümid bəxş edib.
Əfv sərəncamları ədalət, mərhəmət və yeni həyat körpüsüdür. Əfv hüquqi aktla yanaşı etimaddır. Bu, dövlətin öz vətəndaşına olan inamının, cəza ilə yanaşı, islah və bağışlama yolunu da seçməsinin simvoludur. Prezident İlham Əliyev tərəfindən mayın 26-da imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu siyasi və mənəvi dəyərlərin davamıdır. Sərəncam 220 nəfərə şamil olunub. Onlardan 175 nəfər tam azadlığa buraxılıb, 25 nəfərin cəzası yarıya qədər azaldılıb. Digər şəxslər isə Probasiya xidmətinin nəzarətində cəzalarını cəmiyyət içində davam etdirəcəklər.
Bu sərəncam yalnız rəqəmlərlə ifadə olunan bir hüquqi sənəd deyil – bu, hər bir məhkumun həyatında yeni səhifə, ailəsinin gözündə göz yaşı ilə qarışmış sevinc işığı, dövlətin isə mərhəmətli simasıdır. Bu sərəncamlar göstərir ki, Azərbaycan dövləti cəza çəkən şəxsi yalnız məhkum kimi deyil, insan kimi, vətəndaş kimi qəbul edir. Onun islah olmaq istəyini, keçmişə xətt çəkib gələcəyə baxmaq arzusunu anlayır və dəstəkləyir.
Əfv institutunun təməlini Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Onun siyasi iradəsi ilə əfv humanist dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrildi. Bu iradə bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Dövlət başçısı son illərdə imzaladığı Əfv Sərəncamı ilə ümumilikdə 10 mindən artıq insanı azadlığa qovuşdurub. Bu, nəinki regionda, ümumiyyətlə, post-sovet məkanında nadir və diqqətəlayiq göstəricidir.
Hər bir əfv fərdi şəkildə tətbiq olunur. Bu isə onu göstərir ki, dövlət rəhbəri hər bir vətəndaşın taleyinə şəxsi münasibət nümayiş etdirir. Bu, yüksək siyasi məsuliyyətin və vətəndaşa göstərilən dərin hörmətin təzahürüdür.
Əfv sərəncamının icrası təkcə Azərbaycan vətəndaşlarını deyil, əcnəbi vətəndaşları da əhatə edib. Pakistan vətəndaşı Şah Nəsrət Şah Yarmat oğlunun sözləri bu addımın beynəlxalq səviyyədə necə dəyərləndirildiyini nümayiş etdirir: “Altı il idi ki, dəmir barmaqlıqlar arasında idim. Prezident İlham Əliyevin Əfv Sərəncamı ilə azadlığa qovuşdum. Bu, mənim üçün yeni həyatdır.” Onun sözləri həm də Azərbaycanın beynəlxalq hüquqi münasibətlərdəki nümunəvi davranışını təsdiqləyir.
Deputat həmkarlarım da əfv qərarını alqışlayıblar. Onlar bu qərarı Azərbaycanın humanist siyasətinin təcəssümü kimi qiymətləndirib.
Əfv sərəncamının icrası ölkənin müxtəlif penitensiar müəssisələrində həyata keçirilib. Təkcə 6 saylı cəzaçəkmə müəssisəsində 29 nəfərə şamil edilən əfv qərarı nəticəsində 27 nəfər azad olunub. Eyni zamanda, 10 saylı müəssisədə 8, 2 saylı müəssisədə isə 17 nəfər azadlığa qovuşub. Bu statistikalar göstərir ki, əfv tək-tək deyil, genişmiqyaslı və sistemli humanist yanaşmadır.
Əfv, eyni zamanda, dövlətin cəmiyyətə ünvanladığı bir mesajdır: insan səhv edə bilər, lakin bu səhv onun ömürlük cəza alması anlamına gəlməməlidir. Əsas olan, peşmançılıq və islah yoluna qədəm qoymaqdır. Dövlət isə bu yolu seçənlərə dəstək olmağa hazırdır.
Prezident İlham Əliyevin hər imzaladığı əfv sərəncamı, əslində, onun “güclü dövlət – humanist siyasət” prinsipinə sadiqliyinin sübutudur. Bu sərəncamlar, eyni zamanda, cəmiyyətin də rifahına xidmət edir. Azadlığa buraxılan hər bir şəxs yenidən cəmiyyətə inteqrasiya olunur, ailəsinə, sosial çevrəsinə qovuşur. Bu da sosial adaptasiyanı və ümumi harmoniya mühitini gücləndirir.
Bu gün Azərbaycanda hüquq və humanizm vəhdəti dövlət siyasətinin əsas dayaqlarındandır. Prezident İlham Əliyevin həyata keçirdiyi əfv siyasəti bu vəhdətin ən bariz nümunəsidir. Bu siyasət bir daha sübut edir ki, Azərbaycan dövləti gücünü qanunlardan alır, ruhunu isə insan sevgisindən.
Prezident İlham Əliyevin həyata keçirdiyi humanist siyasət Azərbaycan dövlətinin insana verdiyi dəyərin göstəricisidir. Əfv sərəncamı təkcə azadlığa buraxılan şəxslər üçün deyil, bütün cəmiyyət üçün mənəvi təmizlənmə və ümid simvoludur.