Bu gün Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının inzibati binasında seçicilərlə növbəti qəbul-görüş keçirildi.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edirdi. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənildi, onların qaldırdığı məsələlər diqqətlə araşdırıldı, bir sıra problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verildi.
Qəbulda ümumilikdə 17 vətəndaş iştirak edib. Onların müraciətləri əsasən sosial rifah, məşğulluq imkanları, kommunal xidmətlər və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması ilə bağlı olub. Səsləndirilən hər bir məsələ üzrə fərdi yanaşma nümayiş etdirilərək, vətəndaşlara hüquqi izahlar və real həll yolları təklif olunub.
Millət vəkili Məşhur Məmmədov bildirib ki, seçicilərlə mütəmadi və birbaşa ünsiyyət onun fəaliyyətinin mühüm tərkib hissəsidir:
"Vətəndaşlarımızla birbaşa təmasda olmaq, onların dərdlərinə, qayğılarına yerindəcə bələd olmaq və həll yolları tapmaq bizim əsas vəzifəmizdir. Masallıda bu formatda görüşlərimiz davam edəcək və hər bir müraciət diqqətdə saxlanılacaq."
Seçicilər deputat Məşhur Məmmədova göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.