“Real TV-də Zəngəzur dəhlizi ilə bağlı fikirlərimi açıqlamışam və orada əsas fikir ondan ibarət olub ki, bu dəhliz və həmin ərazilər vaxtilə erməni işğalı altında, eyni zamanda Rusiyanın və digər dövlətlərin təsir dairəsində olarkən səmərəsiz bir zonaya çevrilmişdi – faktiki olaraq heç bir iqtisadi və strateji əhəmiyyət daşımırdı. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə və ardınca uğurla aparılan diplomatik proseslər nəticəsində Zəngəzur dəhlizinin açılması artıq reallaşmaq üzrədir”.
Bu sözləri Globalinfo.az-a deputat Aydın Hüseynov sosial şəbəkələrdə onun barəsində həqiqəti əks etdirməyən görüntülərlə bağlı danışarkən deyib.
O, həmin an bu məsələnin bizim üçün ilk növbədə mənəvi əhəmiyyət daşıdığını vurğuladığını qeyd edib:
“Demişəm ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana – yəni öz torpağımıza maneəsiz gediş-gəlişin təmin olunması tarixi və milli baxımdan önəmli bir hadisədir. Digər tərəfdən, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, həm də bütün region və dünya iqtisadiyyatı üçün strateji layihədir. Bu dəhliz, şübhəsiz, böyük iqtisadi səmərə gətirəcək və beynəlxalq ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Təəssüf ki, bəzi şəxslər bu fikirlərimi kontekstdən çıxararaq, ictimaiyyətə tamamilə fərqli şəkildə təqdim ediblər”.
Aydın Hüseynovun fikrincə, bu cür yanaşmalar Zəngəzur dəhlizinin reallaşmasını istəməyən qüvvələrin, yəni bəzi mərkəzlərin və xarici dairələrin təsiri altında olan şəxslərin mövqeyidir:
“Bəzilərinin sosial şəbəkələrdə və bəzi saytlarda apardığı bu cür təhrif olunmuş kampaniyalar Azərbaycan xalqının iradəsinə və milli maraqlarına ziddir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.