Politoloq Şahin Cəfərli Türkiyədə baş verən son siyasi proseslərlə bağlı sosial media hesabında maraqlı fikirlər səsləndirib. Azadmedia.az-ın verdiyi məlumata görə o yazıb ki, böyük Sabirin “çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur” misrası indiki vəziyyəti tam təsvir edir.
Cəfərlinin sözlərinə görə, zamanın çalxalanması nəticəsində üzə çıxan mənzərə budur ki, ölkənin baş müxalifəti uzun illər əslində rejimin “cib müxalifəti” imiş:
“Kamal Kılıçdaroğlu dövründə CHP-nin ölkədə dəyişiklik etmək, hakimiyyətə gəlmək kimi bir niyyəti olmayıb. O, sadəcə olaraq, ona verilən rolu oynayıb. Mənim artıq şübhəm qalmayıb ki, onun prezidentliyə namizədliyi də oynanan teatrın bir pərdəsi olub”.
Politoloq qeyd edir ki, Türkiyə siyasəti illərlə “alanın və satanın razı qaldığı bir realiti-şou”ya çevrilmişdi və milyonlarla insan sadəcə bir illüziyanın içində yaşayırdı.
Şahin Cəfərli hesab edir ki, vəziyyət yalnız İstanbulun indiki bələdiyyə sədri Əkrəm İmamoğlunun siyasi səhnəyə çıxması ilə dəyişməyə başlayıb:
“CHP-də dəyişiklikdən sonra ilk seçkidə əldə olunan qələbə göstərdi ki, müxalifətin xroniki uğursuzluqları iqtidarın güclü olmasından deyilmiş. Həqiqi müxalifət meydana çıxan kimi, hakimiyyətin Konstitusiya və qanunları pozaraq dövlət gücündən necə kobud şəkildə istifadə etdiyini açıq gördük və görməyə də davam edirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.