Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın Tbilisidəki səfirliklərinin birgə bəyanatına sərt reaksiya verməyə davam edir. Rəsmi Tbilisi bu bəyanatı ölkədə radikalizmi təşviq edən və demokratik prinsiplərə zidd addım kimi qiymətləndirib.
Almaniyanın Gürcüstandakı səfiri Peter Fiçerdən sonra bu gün Böyük Britaniya səfiri Qaret Uord da XİN-ə çağırılıb. Bu barədə “TV Pirveli” telekanalı məlumat yayıb.
Rəsmi səbəb açıqlanmasa da, yerli media nümayəndələrinin fikrincə, britaniyalı diplomata da Vyana Konvensiyasının tələbləri xatırladılacaq. Həmin sənəd diplomatlardan qəbul edən dövlətin qanunlarına hörmətlə yanaşmağı və daxili işlərinə qarışmamağı tələb edir.
Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın Gürcüstandakı səfirlikləri ötən gün yaydıqları bəyanatda radikal qüvvələri dəstəklədikləri barədə ittihamları rədd etmişdilər:
> “Biz hər hansı siyasi partiyanı dəstəkləmirik və zorakılıqla, yaxud ekstremizmlə əlaqələndirilən iddialar həqiqəti əks etdirmir”, – deyə bəyanatda vurğulanırdı.
Lakin Gürcüstan XİN hesab edir ki, bu cür mövqelər ölkədə “radikal gündəliyin təşviqinə”, nəticə etibarilə isə “cəmiyyətdə parçalanma və qütbləşmənin güclənməsinə” yol açır.
Dünən səfir Peter Fiçer XİN-ə çağırıldıqdan sonra jurnalistlərlə danışmaqdan imtina edib və şərh verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.