Məşhur Məmmədov,
Millət vəkili
Oktyabrın 9–10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası və çərçivə tədbirləri bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev regionun siyasi proseslərində aparıcı fiqur, regional sabitlik və əməkdaşlıq siyasətinin əsas memarıdır.
MDB Zirvəsi çərçivəsində Prezident İlham Əliyevin həm məhdud tərkibli iclasdakı çıxışı, həm də Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü Azərbaycan diplomatiyasının qətiyyətli, praqmatik və balanslı xarakterini nümayiş etdirdi.
Düşənbədəki çıxışında dövlət başçısı Tacikistanla münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğuladı, Azərbaycanın humanitar sahədə təşəbbüslərini xüsusi qeyd etdi. Prezident İlham Əliyevin Laçının bu il MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə toxunaraq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini diqqətə çatdırması təkcə Azərbaycanın inkişaf iradəsini deyil, həm də onun regional mədəni və humanitar əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirdi.
Ölkə rəhbəri qeyd etdi ki, Laçın kimi tamamilə dağıdılmış bir şəhərin cəmi bir neçə il ərzində müasir və abad yaşayış məntəqəsinə çevrilməsi Azərbaycanın iqtisadi gücünün, idarəetmə qabiliyyətinin və xalqın yenidənqurma ruhunun təntənəsidir. Bu, həm də Prezident İlham Əliyevin “dövlətin gücü onun əməlindədir” prinsipinin parlaq təzahürüdür.
Düşənbədə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü isə Azərbaycan–Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirdi. Görüşdə iki ölkə arasında iqtisadi, humanitar və siyasi əlaqələrin uğurla inkişaf etməsi vurğulandı. Prezident İlham Əliyev hər zamankı kimi, hadisələrə təmkinlə, diplomatik çevikliklə və dövlət maraqlarına əsaslanan qəti mövqe ilə yanaşdı.
Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı faciənin obyektiv araşdırılması istiqamətində dövlət başçısının nümayiş etdirdiyi prinsipial mövqe və məsələni şəxsən nəzarətdə saxlaması Prezident İlham Əliyevin dövlət başçısı kimi məsuliyyətinin və insani dəyərlərə sadiqliyinin göstəricisidir.
Eyni zamanda, iqtisadi-ticari əlaqələrdə əldə olunan 16 faizdən çox artım, hökumətlərarası komissiyanın aktiv fəaliyyəti, yol xəritələrinin uğurla icrası iki ölkə arasında qarşılıqlı inamın və siyasi iradənin real nəticəsidir.
Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanın müstəqil siyasətini yüksək qiymətləndirərək bildirdi ki, iki ölkə arasında mövcud dinamika qarşılıqlı hörmət və müttəfiqlik ruhunda davam edəcək. Prezident İlham Əliyev isə cavabında Azərbaycanın dialoq və əməkdaşlığa sadiq olduğunu, lakin hər zaman milli maraqları əsas tutduğunu vurğuladı.
Bu görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasətində qətiyyətli və çevik balansı qoruyur, regional sabitlik və təhlükəsizliyin təminində mühüm rol oynayır. Dövlət başçısının uzaqgörənliyi, diplomatik ustalığı və strateji baxışı sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda isə sözün əsl mənasında güc mərkəzinə çevrilib.
Düşənbədə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü bir daha göstərdi ki, ölkə rəhbərinin qətiyyətli siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.