Ənənəsinə sadiq qalaraq hər həftəsonu şəhid ailələri ilə görüşən Milli Məclisin deputatı Məşhur Məmmədov bu dəfə Masallının Musaküçə kəndində olub. Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və deputatın köməkçiləri də iştirak ediblər.
Onlar I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını kəndin şəhid ailələrinin müşayiəti ilə ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyub, ehtiramlarını bildiriblər.
Ziyarət zamanı şəhid ailələrinin üzvləri ilə səmimi söhbət aparılıb, onların gündəlik qayğıları, sosial məsələləri və ehtiyacları ilə maraqlanılıb. Ailələr dövlətin diqqət və qayğısından razılıq edərək, ölkə başçısı İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin sosial müdafiəsi daim diqqətdə saxlanılır, onlara mənzillər, avtomobillər verilir, işlə təmin olunmaları üçün hər cür şərait yaradılır.
Şəhid ailələri həmçinin bildiriblər ki, rayon səviyyəsində də səlahiyyətli şəxslər, icra strukturları və millət vəkilləri tərəfindən bu diqqət davamlı olaraq hiss olunur. Ailələrin sözlərinə görə, bu görüşlər mənəvi dayaq, dövlətin mərhəmət və qayğısının təzahürüdür.
Deputat Məşhur Məmmədov da vurğulayıb ki, artıq bu cür görüşlər hər hansı problemlə deyil, mənəvi dəstək və hörmətlə yadda qalır:
“Sevindirici haldır ki, bu gün şəhid ailələri dövlətin qayğısını hər addımda hiss edir. Bizim borcumuz şəhidlərimizin əziz xatirəsini yaşatmaq, ailələrinə hər zaman mənəvi dayaq olmaqdır.”
Millət vəkili sonda bütün şəhidlərimizin ruhuna rəhmət diləyib, onların qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib:
“Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi qarşısında baş əyirik.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.