AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası” - İTTİHAM

  • + A
  • - A
  • 4-02-2019, 15:12

    Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası” - İTTİHAM















    “Bas düyməni, gör işləyir? Heç monitor açılmır ki, ana səhifədə nə yazıldığını görəsən. Əvvəllər monitor yalandan da olsa göstərirdi”. Metronun “Neftçilər” stansiyası yaxınlığındakı avtobus dayanacağında 30 saylı marşrut avtobusu gözləyən sərnişin Kamil burada quraşdırılan interval monitorunun durumundan danışarkən belə deyir.

    Onun sözlərinə görə, indiyə qədər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılmış bu monitorlar işinə yaramayıb:

    “Hər gün 30 nömrəli marşrutdan istifadə eləyirəm. Hələ bir dəfə bu aparatın düyməsinə toxunanda görməmişəm ki, avtobusun hansı ərazidə olduğunu, nə vaxt dayanacağa çatacağını göstərsin”.

    Nüsrət isə Bakıxanov qəsəbəsi, Komsomol dairəsində 49 saylı marşrutu gözləyir. Onunla da söhbətimizdən aydın olur ki, sözügedən qurğu sərnişinlərə fayda verməyib: “Bu qədər pul xərcləndi, guya nəqliyyat intellektual idarə olunacaqdı. Amma hanı? Nə intellektual, başdan xarab bir aparatdır, əlini vur, heç nə göstərmir. Guya şəhərdə tıxacın yüngülləşməsinə səbəb olacaqdı, ictimai nəqliyyatda nizam-intizam olacaqdı, sərnişin avtobusun haçan gələcəyini biləcəkdi. Məsələn, Avropada belədir. Bizdə işləmədi, çox dayanacaqlarda bu monitorlar quraşdırılsa da, lazımsız əşyaya çevrilib”.

    “O aparatların başı əvvəldən xarabdır”

    “O aparatların başı əvvəldən xarabdır, heç bir intellektuallığı, çoxbilmişliyi yoxdur. Gör neçə ildir ki, dayanacaqlarda həmin monitorlar quraşdırılıb, soruşun, görün hansı sərnişin avtobus gözləyəndə ordakı qrafikə, intervala baxır?”, - deyə şəhər sakini Vahid ironik şəkildə giley edir.

    Doğrudan da, şəhərin mərkəzində və ətraf ərazilərində dayanacaqlarda quraşdırılmış bu monitorlar fəaliyyət göstərmirsə, o zaman NİİM hansı funksiyanı yerinə yetirir?

    Axı paytaxtın ictimai nəqliyyatından heç bir intellektual idarəetmədən söhbət gedə bilməz. Hər hansı sərnişin xatırlamır ki, mindiyi avtobusun hansı intervalla işlədiyini, neçə saniyəyə dayanacaqda olacağını həmin monitorlardan öyrənib.

    Ona görə dövlət vəsaitinin havaya sovrulduğunu, bu qurumun isə heç bir iş görmədiyini əminliklə söyləmək olar.

    Bu sistem 2007-ci ildə yaradılıb. Artıq 12 il ərzində bu struktur təkmilləşməli, şəhərin ictimai nəqliyyat sistemi intellektuallaşmalıydı.

    Sanki qurum qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud deyil. Qurumun internet resursları da aktiv fəaliyyət göstərmir.

    Əslində, çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi, çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu.

    Kiyevdə 30 milyona, Bakıda isə...

    Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən 100 milyon manat vəsait ayrılmışdı. O zamankı nəqliyyat naziri Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi.

    O, bütün ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı.

    Dayanacaqlarda quraşdırılan və hərəsinin dəyəri az qala 10 min dollar olan monitorların vəziyyəti göz qabağındadır və ümumilikdə 100 milyonun necə göyə sovrulduğu göz önündədir.

    Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur tamamilə sıradan çıxıb.

    Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə 100 milyon xərclənməsinin heç bir məntiqi izahı yoxdur.

    Sadəcə, vaxtilə büdcə pullarını talayan sabiq nazir Z.Məmmədovun növbəti “intellektual korrupsiyası”na görə bu layihə batıb, ayağa qaldırmaq mümkün olmur.

    Rəsmi məlumata görə, bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir. Hətta qurumun Bakı Nəqliyyat Agentliyinin balanasına verilməsi də nəyisə dəyişə bilmədi.

    BNA-nın mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, monitorların işləməməsinin bir neçə səbəbi var:

    “Bildiyiniz kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan bu monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız işlərin aparılması olub.

    Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər optik naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir. Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində NİİM-in fəaliyyətinin təkmilləşdirilməsi dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi istiqamətində mühüm işlər görüb.

    Bununla bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyatı qurumları ilə də sıx əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir.

    Müəyyən bir vaxtdan sonra dayanacaqlarda yenidən informasiya tabloları sərnişinlərimizə xidmət göstərəcək.

    Çətin proses olsa da agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsinlər".
    “Yeni Müsavat


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR