Birliyimiz dövlətin gücüdür

“Venesuelada və digər coğrafiyalarda baş verən dəyişikliklər bir qəti gerçəkliyi təsdiqlədi ki, istənilən dövlətin sarsılmaz gücü onun liderinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsində, xalq-iqtidar birliyindədir”. Bunu AzadMedia.az-a açıqlamasında siyasi elmlər doktoru, professor və sabiq deputat Vaqif Abdullayev deyib.
Onun sözlərinə görə, xalqa arxalanan, xalqdan qüvvət alan hakimiyyətin işinə heç kimi qarışa bilməz:
“Arxasında xalq dayanan dövlətin liderinə heç bir kənar güc təhdid dili ilə danışa bilməz, təzyiq göstərə və ərazisinə müdaxilə edə, silah gücünə ölkənin legitim siyasi idarəçiliyini dəyişə bilməz. Sözsüz ki, bu gün dünya nizamı pozulub, Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, BMT, Helsinki Komitəsi və digər beynəlxalq təsisatların heç bir hörməti, etimadı qalmayıb, əgər beynəkxalq hüquq işləsəydi, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxlaya bilməzdi, BMT-nin 4 qətnaməsi kağız parçasına çevrilməzdi və s.
Bu amil onu əsaslandırır ki, dövlətlərin güclü lideri və qüdrətli hərbi-siyasi arxitekturası müasir siyasi münasibətlər sistemində vacib faktora çevrilməkdədir”.
Vaqif Abdullayevin sözlərinə görə, etiraf etmək lazımdır ki, Azərbaycanın yerləşdiyi regionda türk dövlətləri istisna olmaqla digər coğrafiyalardan hansısa təxribatların, dövlətçiliyimizə qarşı xain planların və sabitliyi pozmaq cəhdlərinin olmayacağına zəmanət yoxdur:
“Ona görə də, dövlətimiz öz dayanıqlı təhlükəsizlik potensialını daha da gücləndirməlidir. Müasir siyasi fraqmentasiyaları diqqətlə izlədikdə, Vətən müharibəsindən 5 il keçməsinə baxmayaraq, Azərbaycanın öz hərbi-siyasi qüdrətinin daim artırmaq strategiyasını çox müdrik və uzaqgörən siyasətin nəticəsi kimi qiymətləndirmək olar.
Cənab Prezident İlham Əliyevin “Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib” fikri də səbəbsiz deyil.
Çünki bu gün bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir, hər bir ölkə daha güclü olmağa çalşır. Belə olan halda, Azərbaycan hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazırlıqlı olmalıdır.
Azərbaycanın Lideri heç vaxt imkan verməyib ki, kimsə ölkəmizin işinə qarışsın, nəyisə diktə etsin, kimsə yuxarıdan aşağı baxsın. Azərbaycan dövləti ciddi iradə ortaya qoyaraq heç kimə verməyir ki, hansısa ölkə nəyisə diqtə etsin.
Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.