İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla etiraz aksiyalarından əvvəl və onların gedişində əlaqə saxladığını bildirib. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin yazdığına görə, Araqçi ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi güc tətbiqinin mümkünlüyü ilə bağlı açıqlamaları və Vaşinqtonun etirazlara dəstəyi fonunda həftəsonu Uitkoffla telefon əlaqəsi qurub.
Axios-un mənbələrinin bildirdiyinə görə, bu təmasların əsas məqsədi İranın ABŞ-la münasibətlərdə gərginliyi azaltmaq cəhdi və ya ən azı Tramp administrasiyasının rejimi zəiflətməyə yönələn mümkün addımlarına qədər vaxt qazanmaq olub.
Məlumata əsasən, tərəflər yaxın günlərdə görüş keçirilməsi ehtimalını da müzakirə ediblər. Qeyd olunub ki, Araqçi ilə Uitkoff arasında təmaslar 2025-ci ildə ABŞ–İran nüvə danışıqları zamanı başlayıb və ABŞ-ın 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra da davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.