5 gün sonra Davosda dünya liderləri toplaşacaq. Gözləntilər nədir?

5 gün sonra Davosda Dünya İqtisadi Forumu keçiriləcək. Politoloq Aqil Məmmədovun sözlərinə görə, həmin ərəfədə Qlobal Riskin açıqladığı 2026-cı il hesabatında yaxın 2 və uzunmüddətli 10 ili əhatə edən risklər əks olunub:
"Hesabata əsasən, yaxın 10 il dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Yaxın iki il ərzində geosiyasi qarşıdurmaların davam etməsi və bunun təsiri ilə dövlətlər arasında silahlı qarşıdurmalar dünya üçün əsas risk olaraq qalacaq. Eyni zamanda dezinformasiya da artıq qlobal risk kimi gündəmdədir. Yalnız 2 ildən sonra geosiyasi gərginliklərin səngiməsi ilə dünyanın gələcəyi üçün əhəmiyyətli olan qlobal iqlim dəyişikliyi və ekoloji problemlər ön plana çıxacaq"
Politoloqun sözlərinə görə, hesabat onu göstərir ki, bu günə qədər sabitlik üçün əsas olan iqtisadi əməkdaşlıq tədricən qlobal olaraq silaha çevrilməkdədir:
"Yeni mərhələdə milli maraqların qorunması və strateji çeviklik daha vacib hala gəlir. Bu gün perspektiv kimi görünən süni intellekt həlləri yaxın gələcəkdə əsas risk mənbəyinə çevriləcək. Beləliklə, hər keçən gün ənənəvi təhdidlər yeniləri ilə əvəz edilir ki, bu da dövlətləri və cəmiyyətləri daim ayıq-sayıq olmağa vadar edir.
Bu hesabat həm də onu göstərir ki, yaxın günlərdə Davosda başlayacaq diskussiyalar Şərq-Qərb arasında kifayət qədər gərgin keçəcək. Eyni zamanda əməkdaşlığın ruhu devizi ilə keçiriləcək diskussiyalara Azərbaycan da qatılacaq və rəsmi Bakı Şərqlə Qərb arasında gərginləşən bu mühitdə özünü orada güc kimi təqdim etməyə, xətləri Qafqazda uzlaşdırmağa çalışacaq. Bir məqam da vacibdir ki, Davosda Qafqaz regionu Azərbaycan Prezidenti İlham Əliyevin timsalında təmsil ediləcək"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.