Azərbaycan Davos Forumunda Cənubi Qafqazın əsas təmsilçisi kimi çıxış edir

"Dünya İqtisadi Forumu (Davos) qlobal miqyasda ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Azərbaycanın bu forumda fəal iştirakı isə əsasən 2020-ci ildən sonrakı dövrə təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan Davosda yeni siyasi və iqtisadi sima kimi təmsil olunmağa başlayıb".
Bu fikirləri deputat Samir Vəliyev Azad media.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Forum çərçivəsində müzakirə olunan mövzular dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüksək aktuallıq daşıyan məsələlərdir:
"Xüsusilə enerji təhlükəsizliyi və yaşıl enerji gündəmin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev əvvəlki illərdə Davos Forumunda yaşıl enerji mövzularına toxunub, bu il isə Azərbaycan həmin sahədə konkret təşəbbüslər və layihələrlə çıxış edir.
Azərbaycanın yaşıl enerji potensialının təqdim olunması bu sahəyə maraq göstərən xarici investorların ölkəyə cəlb edilməsi üçün yeni imkanlar yaradır. Ekspertlərin fikrincə, bu addımlar Azərbaycanın enerji sektorunda regional və qlobal əhəmiyyətini daha da artırır.
Forumun gündəliyinə nəzər saldıqda, Prezident İlham Əliyevin çıxış və görüşlərinin təkcə Azərbaycanı deyil, faktiki olaraq bütün Cənubi Qafqaz regionunu təmsil etdiyi görünür. Gürcüstan forumda təmsil olunsa da, Davosun rəsmi gündəliyində bu ölkə ilə bağlı ayrıca müzakirə mövzusu yer almır. Ermənistanın iştirakı isə daha çox formal xarakter daşıyır"
Deputatın sözlərinə görə, müşahidəçilər qeyd edirlər ki, Azərbaycanın Cənubi Qafqazda əsas aktora çevrilməsi beynəlxalq marağı əhəmiyyətli dərəcədə artırıb. Bu maraq təkcə siyasi diqqətlə məhdudlaşmır, eyni zamanda ölkə ilə iqtisadi və enerji sahələrində əməkdaşlıq planlarının genişlənməsinə də yol açır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.