ABŞ-ın hərbi qüvvələrinin cəmləşdirilməsinə baxmayaraq, İranın xarici işlər naziri danışıqlara ümidlidir

ABŞ qüvvələrinin İrana zərbə endirməyə hazır olduğu bir vaxtda İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehranın nüvə silahları proqramı ilə bağlı ABŞ-la razılaşma əldə olunacağına “əminliyini qoruyur”.
O, bu barədə bazar günü CNN telekanalına açıqlamasında bildirib.
“Təəssüf ki, biz ABŞ-ı danışıqlar üzrə tərəfdaş kimi artıq etibarlı hesab etmirik”, – deyə Araqçi vurğulayıb. Bununla belə, onun sözlərinə görə, regiondakı dost ölkələr vasitəsilə mesaj mübadiləsi ABŞ-la “məhsuldar” danışıqların aparılmasına şərait yaradır.
Bu həftəsonu ABŞ tərəfdən də oxşar nikbinlik müşahidə olunub. Şənbə günü Air Force One təyyarəsində jurnalistlərlə söhbət edən ABŞ prezidenti Donald Tramp İranın “bizimlə ciddi şəkildə danışdığını” bildirib.
Araqçi ABŞ nümayəndələri ilə birbaşa danışıqlara başlamağa söz verməkdən imtina edərək, danışıqların formasından daha çox məzmununun vacib olduğunu qeyd edib.
Onun bu açıqlamaları İranın ali rəhbəri Ayətullah Əli Xameneinin sərt mövqeyi fonunda səslənib. Xamenei ABŞ-ın İrana istənilən hücumunun regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib. Dövlət mediasının məlumatına görə, o, bazar günü Tehrandakı İmam Xomeyni məscidində toplaşanlara bildirib ki, İran “heç bir ölkəyə hücum etmək niyyətində deyil, lakin ona hücum edən və təzyiq göstərən hər kəsə İran xalqı sərt zərbə endirəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.