Deputat: "ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfəri tarixi əhəmiyyət daşıyır"

Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə Azərbaycan və Ermənistana səfər edəcək. Səfərin əsas məqsədi Vaşinqtonun regionda sülh təşəbbüslərini gücləndirmək və “Tramp beynəlxalq sülh və çiçəklənmə marşrutu”nun irəlilədilməsidir.
Səfəri şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bu addımı tarixi səfər kimi dəyərləndirib.
Onun sözlərinə görə, Cey Di Vensin Cənubi Qafqaza səfəri son 100 il ərzində regionda formalaşmış geosiyasi balansın dəyişməsinə təsir göstərə biləcək mühüm hadisədir.
Deputat bildirib ki, Cənubi Qafqaz 1828-ci ildən etibarən uzun müddət iki böyük imperiyanın arasında sıxışdırılmış bir region olub və bu vəziyyət burada münaqişələr üçün zəmin yaradıb:
“Xalqlar bir-birinə qarşı qoyulurdu. Bu baxımdan ABŞ vitse-prezidentinin səfəri həm tarixi, həm də strateji əhəmiyyət daşıyır və regionun gələcəyi baxımından vacibdir”.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan bu gün regionda məsuliyyətli qərarlar qəbul edə bilən və strateji müstəqilliyini təmin etmiş dövlətdir. Onun sözlərinə görə, bu müstəqilliyin təməli 1994-cü ildən başlayaraq formalaşıb:
“Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir, siyasi qətiyyətimiz isə iqtisadi müstəqilliyimizi möhkəmləndirir”.
Deputatın fikrincə, ABŞ rəhbərliyinin regiona artan diqqəti Azərbaycanın artan strateji rolunun beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.