AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran danışıqlara deyil, eskalasiyaya üstünlük verir ŞƏRH

  • + A
  • - A
  • 4-02-2026, 11:21

    İran danışıqlara deyil, eskalasiyaya üstünlük verir ŞƏRH


    Türkiyədə ABŞ və İran nümayəndələri arasında keçirilməsi planlaşdırılan görüş Tehran tərəfindən faktiki olaraq pozulub. Halbuki ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof regiona səfər etmiş, İran prezidenti Məsud Pezeşkian isə Vaşinqtonla danışıqların aparılması üçün müvafiq sərəncam imzalamışdı. Buna baxmayaraq, diplomatik proses İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sabotaj edilib.

    Son günlər SEPAH-a məxsus hərbi katerin ABŞ-a aid tankeri sıxışdıraraq ələ keçirməyə cəhd göstərməsi, eləcə də İran pilotsuz uçuş aparatının ABŞ-ın təyyarədaşıyan hərbi gəmisinə təhlükəli şəkildə yaxınlaşarkən vurulması regionda açıq eskalasiya əlamətləri kimi qiymətləndirilir.

    Məsələ ilə bağlı siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, baş verənlər İranda ABŞ-la münasibətlərə dair vahid siyasi mövqenin olmadığını açıq şəkildə göstərir. Onun sözlərinə görə, mülki hakimiyyət danışıqlara meyilli olsa da, təhlükəsizlik strukturları, xüsusilə SEPAH bu prosesi faktiki olaraq bloklayır.

    “SEPAH-ın atdığı addımlar danışıqların pozulmasına hesablanıb və bu, İranın gərginliyi bilərəkdən artırdığını göstərir. Əgər Tehran hərbi təxribatları davam etdirməkdə israrlı olarsa, ABŞ-ın hərbi cavabı istisna edilmir”, – deyə Əsədullazadə qeyd edib.

    Şərhçinin fikrincə, İranın mühafizəkar dairələri ABŞ-ın, xüsusilə Donald Trampın müharibədən yayınacağını düşünür. Lakin İran ətrafında ciddi hərbi qüvvə cəmləşdirən Vaşinqtonun geri çəkilməsi real görünmür. Belə bir addım həm Trampın siyasi imicinə zərbə vura, həm də ABŞ-ın beynəlxalq nüfuzunu zəiflədə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR