Deputat: ABŞ–Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub

ABŞ ilə Azərbaycan arasında münasibətlər 2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilən görüşdən sonra yeni mərhələyə qədəm qoyub. Bu barədə millət vəkili Hikmət Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, gündəmdə duran əsas məsələlərdən biri də Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəlişin ləğv olunması ilə bağlı müzakirələrin yenidən aktuallaşmasıdır. O qeyd edib ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və ABŞ-nin bu proseslərə daha fəal şəkildə cəlb olunması iki ölkə arasında yeni perspektivlər formalaşdırıb.
Hikmət Babaoğlu vurğulayıb ki, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Xartiyanın hazırlanması məqsədilə işçi komissiyanın yaradılması mühüm əhəmiyyət daşıyır. Artıq komissiyanın iki iclasının keçirilməsi Vaşinqtonun Cənubi Qafqazda lider ölkə kimi Azərbaycanı qəbul etdiyini göstərir.
Deputatın fikrincə, bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkənin üzərinə daha böyük məsuliyyət qoyur. O əlavə edib ki, mümkün Xartiya imzalandıqdan sonra 907-ci düzəliş hər iki tərəfin maraqlarına mane olan faktora çevrilə bilər.
Millət vəkili bildirib ki, hazırda ABŞ prezidenti 907-ci düzəlişin ləğv olunması ilə bağlı Konqresə müraciət edib və bu təşəbbüsün müsbət nəticə verəcəyinə ümidlər böyükdür.
Hikmət Babaoğlu hesab edir ki, 907-ci düzəlişin ləğvi yeni dünya nizamına doğru gedən proseslər fonunda həm Azərbaycanın, həm də ABŞ-nin strateji maraqlarına uyğundur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.