Fransa prezidenti Emmanuel Makron maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yayımlanan yeni sənədlərə münasibət bildirib. BFMTV telekanalının məlumatına görə, Makron sənədlərdə bəzi fransız fiqurların adlarının çəkilməsinə baxmayaraq, bu qalmaqalın əsasən ABŞ-la bağlı olduğunu vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, məsələ ilk növbədə Amerika ədliyyə sisteminin səlahiyyətlərinə daxildir.
“Bəli, sənədlərdə fransız fiqurları görünür. Amma düşünürəm ki, bu, ilk növbədə ABŞ-a aiddir. Onların ədliyyə sisteminin öz işini görməsi vacibdir”, – deyə Emmanuel Makron bildirib.
Fransa prezidenti əlavə edib ki, Epşteyn işi ətrafında yaranmış müzakirələri daha da genişləndirmək niyyətində deyil və bu mövzu ilə bağlı əlavə şərh verməyəcək.
Qeyd edək ki, bir gün əvvəl Fransanın sabiq mədəniyyət naziri Jak Lanq Epşteynlə mümkün əlaqələri ilə bağlı yayılan yeni məlumatlardan sonra Ərəb Dünyası İnstitutunun (AWI) prezidenti vəzifəsindən istefa verib. Onun bu qərarı Fransada və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlər toplusunu ictimaiyyətə təqdim edib. Həmin sənədlərdə Böyük Britaniya kralı III Çarlzın kiçik qardaşına bənzəyən bir şəxsin fotoşəkillərinin yer aldığı da bildirilir.
Məlumata görə, Ceffri Epşteyn 2002–2005-ci illər ərzində Nyu-Yorkdakı iqamətgahına və şəxsi adasına onlarla yetkinlik yaşına çatmayan qızın səfərlərini təşkil etməkdə ittiham olunub. İstintaq zamanı zərərçəkənlərin ən az yaşının 14 olduğu müəyyən edilib.
2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə beynəlxalq miqyasda ciddi rezonans doğurub və iş ətrafında çoxsaylı sualların yaranmasına səbəb olub.
Hazırda Epşteyn işi ilə bağlı yeni sənədlərin araşdırılması və mümkün əlaqələrin üzə çıxarılması prosesi davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.