ABŞ və Qərb koalisiyasına daxil olan ölkələr qarşıdakı bir ay ərzində qüvvələrini Suriya Ərəb Respublikasının ərazisindən tam çıxarmağı planlaşdırır.
Məlumatı ölkənin informasiya nazirliyinə tabe olan dövlət yayımçısı Syria TV yayıb. Hökumətə yaxın mənbənin bildirdiyinə görə, ABŞ hərbçiləri hazırda Suriyanın şimal-şərqində yerləşən “Kasrak” döyüş dəstək bazasını tərk edirlər. Onun sözlərinə görə, ölkədəki ABŞ kontingentinin sayı 1000 nəfəri keçmir və çıxarılma prosesinin cari ilin aprel ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Şəxsi heyət və hərbi texnikadan ibarət karvanların artıq qonşu İraq istiqamətində hərəkət etdiyi qeyd olunur.
“Kasrak” bazası Həsəkə vilayətində, əsasən kürdlərin yaşadığı ərazidə, Tel-Tamer yaşayış məntəqəsindən təxminən 45 km məsafədə yerləşir. Bu obyekt, eləcə də “Harrab əl-Cir” aviabazası bölgədə Qərb qüvvələrinin ən böyük dayaq məntəqələrindən hesab olunurdu. Bundan əvvəl vilayətin cənubundakı Əş-Şəddadi bölgəsində oxşar düşərgə də bağlanmışdı.
Fevralın 12-də isə ABŞ kontingenti strateji əhəmiyyətli Ət-Tanf rayonundakı bazanı tərk edib. Həmin məntəqə Suriya, İran və İordaniya sərhədlərinin kəsişdiyi ərazidə yerləşir və Dəməşq–Bağdad magistralına nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.